Vaşinqton yeni "ticarət müharibəsi"nə başlayır - Çin, Aİ və 12 ölkəyə ağır rüsum zərbəsi
ABŞ Çin, Avropa İttifaqı və daha 12 iqtisadiyyata qarşı yeni gömrük rüsumları tətbiq etməyə hazırlaşır.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qririn bəyanatında bildirilir.
Bəyanatdan məlum olur ki, Ceymison Qrir ticarət tərəfdaşlarının həddindən artıq istehsal güclərinin müəyyənləşdirilməsinə yönəlmiş araşdırmanın nəticələrinə əsasən rüsumların tətbiqini təklif edib. Bu araşdırmaya 2026-cı ilin mart ayında başlanılıb.
“Axios” portalının məlumatına görə, yeni rüsumların həcmi 20 faizə çata bilər. Portalın ABŞ administrasiyasının nümayəndəsinə istinadən yaydığı məlumata əsasən, yeni rüsumlar əsasən müəyyən məhsul kateqoriyalarına şamil olunacaq və artıq qüvvədə olan tariflərlə cəmlənməyəcək. O əlavə edib ki, ticarət danışıqlarının pozulacağı təqdirdə Çinə qarşı rüsumların həcmi 40 faizə qədər artırıla bilər.
“Reuters” agentliyi isə bildirir ki, Çin və Avropa İttifaqından başqa, yeni rüsumların Banqladeş, Kamboca, Hindistan, İndoneziya, Yaponiya, Koreya Respublikası, Malayziya, Sinqapur, İsveçrə, Tailand və Vyetnama qarşı tətbiqi təklif olunur. Bundan əlavə, Tayvana qarşı da məhdudlaşdırıcı tədbirlər görülə bilər. “Axios” portalının mənbəsi qeyd edir ki, təklif ictimai müzakirəyə çıxarılıb və onun nəticələrinə əsasən yeni rüsumlar 2027-ci ilin yanvar ayında tətbiq oluna bilər.
Xatırladaq ki, oktyabr ayında Çinin Ticarət Nazirliyi ABŞ-nin “həddindən artıq istehsal gücləri” ilə mübarizə bəhanəsi altında beynəlxalq təchizat zəncirlərini pozmağa cəhd göstərəcəyi təqdirdə cavab tədbirləri görəcəyini bəyan edib.
Aysel Mətləb