Turistik bölgələrdə yanğın riski: Hotellərdə təhlükəsizlik vəziyyəti necədir?

Turizm

28.11.2025 17:40

Son günlər Azərbaycanda və bir sıra digər ölkələrdə yanğın hadisələrinin artması bu cür fəlakətlərin qarşısının alınması üçün daha ciddi təhlükəsizlik tədbirlərinin görülməsini gündəmə gətirib. Xüsusilə də turistik bölgələrdə yerləşən mehmanxanalarda təhlükəsizliyin vəziyyəti müəyyən suallar doğurur.

Mövzu ilə bağlı TodayPress TV-yə açıqlama verən turizm eksperti Ceyhun Aşurov bildirib ki, turizm sektorunda təhlükəsizlik məsələləri daim prioritetdədir. 


Onun sözlərinə görə, insanların həyatına risk yaradan hər bir amil xüsusi diqqətlə nəzarət altında saxlanılmalıdır:

"Hotellərdə yanğın və digər fövqəladə hallar üzrə bütün risk daşıyan məsələlər nəzarətdədir. Müvafiq dövlət qurumları bununla bağlı mütəmadi yoxlamalar aparır. Azərbaycandakı hotellərin əksəriyyəti mövcud təhlükəsizlik standartlarına cavab verir. Yanğın balonlarının, ehtiyat çıxışların olması, yanğınsöndürmə iş bölgüsünün aparılması və siqnalizasiya sistemlərinin mütəmadi yoxlanılması əsas tələblərdəndir".

Ekspert əlavə edib ki, yanğın hadisələrində tələfatın əsas səbəbi çox zaman panika və düzgün təşkil olunmayan təxliyə olur:

“Xatırlayırsınızsa, bir neçə il əvvəl Batumidə baş verən yanğında da panika səbəbindən qonaqlar arasında ölənlər olmuşdu. Buna görə əsas diqqət işçi heyətinin peşəkarlığına yönəldilməlidir. Hotel əməkdaşları qonaqların panikasız, təhlükəsiz şəkildə təxliyəsini təmin etməlidir".

Ceyhun Aşurov qeyd edib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən mütəmadi olaraq hotellərdə yoxlamalar keçirilir və təlimlər təşkil olunur. Həmçinin hazırda Dövlət Turizm Agentliyi və Hotellər Assosiasiyası tərəfindən aparılan hotellərin təsnifatlaşdırılması prosesində də təhlükəsizlik üzrə tələblər əsas meyarlardan biridir:

"Hotellər özləri də maraqlıdır ki, onların obyektlərində heç bir təhlükəli hal baş verməsin. Bu həm qonaqların təhlükəsizliyi, həm də hotelin imici üçün vacibdir".

Türkan İsgəndərli

TodayPress TV

tag: Ceyhun Aşurov,Ekspert,Otel,Yanğın,Risk,Todaypress.tv,