Turist axınında dəyişiklik: Azərbaycan yeni bazarlara yönəlir
Turizm
27.11.2025 12:08
"Azərbaycana gələn turistlərin coğrafi mənşəyində son aylarda nəzərəçarpan dəyişikliklər qeydə alınıb. Ümumi turist sayında cüzi azalma olsa da, regionlar üzrə dinamikalar fərqlidir".
TodayPress TV xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, ilin ilk 10 ayında Avropa İttifaqından gələn turistlərin sayında 7,9 faizlik artım olsa da, körfəz ölkələrindən gələnlərin sayı 3,5 faiz, MDB dövlətlərindən gələnlərin sayı isə 8,2 faiz azalıb. Ümumilikdə həmin müddətdə Azərbaycana gələnlərin sayı 1,7 faiz azalaraq 2 milyon 171 min nəfər təşkil edib.
Deputat qeyd edib ki, Rusiyadan gələn turistlər ümumi axının 24,4 faizini, Türkiyədən gələnlər 17,4 faizini, İrandan gələnlər 8 faizini, Hindistandan gələnlər isə 6,6 faizini təşkil edib. Digər böyük turist qrupları Səudiyyə Ərəbistanı, Gürcüstan, Qazaxıstan, Pakistan, Çin, İsrail və Özbəkistan vətəndaşlarıdır.
Vüqar Bayramov ərəb ölkələrindən gələnlərin azalmasını qiymətlərin yüksəkliyi və turistlərin alternativ bazarlara yönəlməsi ilə əlaqələndirib. Avropadan gələnlərin artımı isə köhnə qitədə getmə turizminin yüksəlməsi, işgüzar səfərlərin çoxalması və regiona olan ümumi marağın artması ilə bağlıdır.
"Sağlamlıq turizminə marağın güclənməsi də son illərin əsas meyillərindən biridir. Turizm enerji sektorundan sonra Azərbaycana ən çox valyuta gətirən sahə olduğu üçün mənbə ölkələrinin şaxələndirilməsi xüsusilə vacibdir", - deyə deputat bildirib.
Parlamentarinin sözlərinə görə, Avropa və Cənub-Şərqi Asiya ölkələri ilə əməkdaşlığın genişləndirilməsi turizm gəlirlərində dayanıqlığın artmasına mühüm töhfə verə bilər.
Qiymət Mahir
tag: Vüqar Bayramov,Deputat,Azərbaycan,Turizm,Todaypress.tv,
