Monteneqroya səfərlərdə yeni mərhələ: Vizasız rejim ləğv olundu
Turizm
30.12.2025 16:36
"Monteneqro tərəfindən Azərbaycan vətəndaşları üçün vizasız rejimin ləğvi iki ölkə arasındakı sosial-iqtisadi münasibətlərin intensivliyinə mənfi təsir göstərəcək".
Bu fikirləri TodayPress TV-yə açıqlamasında iqtisadçı Rəşad Həsənov deyib.

Onun sözlərinə görə, bu təsir, ilk növbədə, Azərbaycan vətəndaşlarının Monteneqroya səfər planlarında özünü büruzə verəcək.
"Məlumdur ki, viza rejimi tətbiq olunan ölkələrə səyahət planlaşdırılması bir sıra çətinliklərlə müşayiət olunur və bu amil vətəndaşların alternativ istiqamətlərə üstünlük verməsinə səbəb olur. Üstəlik, bəzi hallarda viza müraciətlərinin rədd edilməsi səfərlərin ümumiyyətlə təxirə salınmasına və ya ləğvinə gətirib çıxarır. Nəticə etibarilə Monteneqroya səfər edən Azərbaycan vətəndaşlarının sayında azalma qaçılmazdır".
İqtisadçı əlavə edib ki, viza rejiminin tətbiqi Azərbaycan vətəndaşlarının Monteneqroda həm əmək bazarında, həm də biznes mühitində iştirak imkanlarına qismən də olsa məhdudlaşdırıcı təsir göstərə bilər:

"Xüsusilə son illərdə Azərbaycan vətəndaşları tərəfindən Monteneqro iqtisadiyyatına yönəldilən investisiyaların həcmi əhəmiyyətli dərəcədə artmışdı ki, bu da öz növbəsində orada Azərbaycan vətəndaşları üçün müəyyən məşğulluq imkanları formalaşdırmışdı.
Yeni viza tələbləri əmək bazarında iştirakçılığı çətinləşdirəcək və hazırda Monteneqroda çalışan şəxslərin belə yeni qaydalara uyğun şəkildə viza əldə etməsini zəruri edəcəkdir. Viza verilmədiyi təqdirdə həmin şəxslər fəaliyyətlərini dayandırmaq məcburiyyətində qala bilərlər. Bu isə, öz növbəsində, xaricdən ölkəyə daxil olan pul köçürmələrinin (remittansların) həcminin, az da olsa, azalmasına səbəb ola bilər".
Ekspert vurğulayıb ki, Monteneqronun bu addımı yalnız Azərbaycana münasibətdə atılmayıb. Ölkə hazırda Avropa İttifaqına üzvlük prosesinin tələbləri çərçivəsində öz viza siyasətini Aİ-nin müəyyən etdiyi qayda və standartlara uyğunlaşdırır.
"Bu baxımdan sözügedən qərar daha geniş institusional öhdəliklərin tərkib hissəsi kimi qiymətləndirilməlidir", - deyə Rəşad Həsənov fikrini tamamlayıb.
Qeyd edək ki, Monteneqro hakimiyyəti Azərbaycan vətəndaşları üçün viza rejimi tətbiq edib.
Türkan İsgəndərli
tag: Rəşad Həsənov,Ekspert,Monteneqro,Viza,Todaypress.tv,
