Futbol turizmi dirçəldir: “Bununla bağlı işlər genişləndirilməlidir” – Ekspert
Turizm
20.02.2026 15:05
Azərbaycanın turizm potensialı və beynəlxalq idman tədbirlərinin ölkə imicinə təsiri yenidən gündəmə gəlib. Bu dəfə Bakı "Qarabağ"ın rəqibi olan "Nyukasl Yunayted" komandasının oyunçularını və azarkeşlərini heyran qoyub.

Onlar öz sosial media hesablarında paytaxtın müasir görünüşünü, infrastrukturu və heyranedici mənzərələrini xüsusilə vurğulayıblar.
Bu barədə TodayPress TV-yə danışan turizm eksperti Ceyhun Aşurov bildirib ki, xüsusilə futbol kimi kütləvi maraq doğuran yarışlar ölkənin tanıdılması baxımından mühüm rol oynayır.

Onun sözlərinə görə, Azərbaycana gələn turistlərin əksəriyyəti əsasən Bakının və ölkəmizin nə qədər müasir olduğunu, infrastrukturun kifayət qədər inkişaf etdiyini və gözəl mənzərəyə sahib olduğunu qeyd edirlər:
"Biz Azərbaycanın gözəlliklərini bütün sərgilərdə həm turizm sənayesi olaraq, həm də dövlət olaraq göstərməyə çalışırıq. Ümumilikdə, iri tədbirlər hər hansı bir məkanı ziyarət etməyə bir qədər stimul verir və buna səbəb olur. Ona görə də bu cür tədbirlərin keçirilməsi müsbət haldır".
Ekspert əlavə edib ki, ölkəni turistlər üçün mümkün qədər əlçatan etməliyik:
"Ölkəyə gəlişin üç əsas faktoru varsa, birincisi təhlükəsizlik məsələsidir ki, Azərbaycanda hər mənada təhlükəsizlik təmin olunub və insanlar özlərini tam şəkildə güvənli hiss edirlər. İkinci məsələ ölkənin, yəni destinasiyanın əlçatan olmasıdır. Yəni buraya gəlməyin rahat və əlverişli olmasıdır. Düşünürəm ki, ölkəmizə gəlmək rahat və təhlükəsizdir, amma qiymət baxımından bunu daha əlverişli hala gətirməyə çalışmalıyıq. Üçüncü faktor isə gəliş zamanı viza baryerlərinin olmaması və ya az olması, prosedurun rahat və asan olmasıdır".
Ceyhun Aşurov qeyd edib ki, bununla bağlı işlər genişləndirilməlidir. Bu halda ölkəmiz daha çox turist qəbul edə biləcək.
Türkan İsgəndərli
tag: Ceyhun Aşurov,Turizm eksperti,Futbol ,Potensial,Todaypress.tv,
