Bayramlarda turist axını: Azərbaycanlılar hara səyahət edirlər ?

Turizm

26.02.2026 17:22

Mart ayının iyirmisindən otuzunadək Novruz və Ramazan bayramları ilə əlaqədar Azərbaycanda qeyri-iş günləri olacaq. 

Məlumdur ki, uzunmüddətli tətil insanların istirahət planlarına da təsir edir. 

Mövzu ilə bağlı TodayPress TV-yə danışan turizm məsələləri üzrə ekspert Əziz Şiriyev bildirib ki, tətil günlərinin çoxluğu həm daxili, həm də xarici səfərlərə marağı əhəmiyyətli dərəcədə artırır. 


Onun sözlərinə görə, mart ayının böyük hissəsi faktiki olaraq istirahət günlərinə təsadüf edir.

Ekspert qeyd edib ki, bayram dövründə regionlara təşkil olunan turlar artıq aktiv şəkildə həyata keçirilir:  

"Hazırda hər həftəsonu turlar baş tutur. Şahdağ, Tufandağ, Xızı və Qarabağ istiqamətində səfərlər təşkil olunur. Mart ayında bayramlarla əlaqədar bir gecə iki günlük və iki gecə üç günlük turlar planlaşdırılıb. Cənub, Şimal, Şimal-Qərb və Qərb bölgələrinə maraq xüsusilə yüksəkdir. Hər regionun özünəməxsus gözəlliyi olduğuna görə turistlər müxtəlif istiqamətləri seçirlər. Nəqliyyat sistemi və turizm şirkətlərinin əməkdaşlığı nəticəsində avtobus turları demək olar ki, tam dolur".

Onun sözlərinə görə, turizm bazarında qiymətlərin nisbətən münasib olması səyahət edənlərin sayının ildən-ilə artmasına səbəb olur:

"Bayram günlərində xarici səfərlərə də ciddi tələbat müşahidə olunur. Hazırda ən çox seçilən istiqamətlərdən biri Türkiyənin İstanbul şəhəridir. Bundan başqa, insanlar yay turlarını əvvəlcədən endirimlə əldə etmək üçün indidən rezervasiya edirlər. Əvvəllər qrup turları bu qədər populyar deyildi və birbaşa uçuşların sayı az idi. İndi isə soyuq havanı sevməyənlər Birləşmiş Ərəb Əmirliyi, Misir, Şarm əl-Şeyx, Maldiv və Bali kimi isti ölkələrə üz tutur. Əvvəllər 3000-4000 dollar olan bəzi turlar hazırda təxminən 700-800 dollar civarına qədər enib və daha əlçatan olub".

Mütəxəssis vurğulayıb ki, ölkədaxili gecələmək istəməyənlər əsasən birgünlük səfərləri seçir, bəzi vətəndaşlar isə bayram günlərini ailə ilə evdə keçirməyə üstünlük verir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Əziz Şiriyev,Ekspert,Novruz,Ramazan,Turist,Azərbaycan,Todaypress.tv,