Azərbaycan altı ölkə ilə vizasız rejimə keçir: Əməkdaşlıq üçün yeni imkanlar
Turizm
25.11.2025 17:11
Azərbaycan altı ölkə ilə diplomatik və xidməti pasport sahiblərini vizadan qarşılıqlı azad edəcək. Yeni qərar Anqola Respublikası, Bəhreyn Krallığı, Cibuti, Dominikan Respublikası, Qvineya-Bisau Respublikası və Surinam Respublikası ilə əməkdaşlığı əhatə edir.
Turizm eksperti Ceyhun Aşurov bu barədə TodayPress TV-yə açıqlamasında bildirib ki, vizasız rejimin tətbiqi əsasən Azərbaycanla siyasi baxımdan dost münasibətdə olan ölkələrlə həyata keçirilir:

"Azərbaycan altı ölkə ilə viza rejimini ləğv edir. Bu ölkələrin bəziləri siyasi müstəvidə Azərbaycan üçün dostluq münasibətlərinə malikdir. Belə addımlar adətən siyasi yaxınlığı olan tərəfdaş ölkələrlə atılır. Yeni qərarın turizmə təsiri ölkələrdən asılı olaraq müxtəlif ola bilər. Turizm potensialının nə qədər olub-olmaması haqqında demək çətindir, çünki bəziləri uzaq coğrafiyalardadır. Maldiv və Bəhreyn kimi ölkələrlə artıq müəyyən səviyyədə turizm gəliş-gedişi mövcuddur. Vizasız rejim həmin rəqəmlərə müsbət təsir göstərəcək".
Ekspert hesab edir ki, qərar təkcə turizm deyil, gələcək iqtisadi-ticarət münasibətləri üçün də yeni perspektivlər açır:

"Bu addım ölkələr arasında beynəlxalq arenada siyasi yaxınlaşmanın və qarşılıqlı dəstəyin göstəricisidir. Belə yaxınlaşmalar gələcək iqtisadi və ticari əlaqələrin güclənməsinə şərait yarada bilər".
Ceyhun Aşurov qeyd edib ki, yeni vizasız rejim Azərbaycanla sözügedən ölkələr arasında həm siyasi, həm iqtisadi, həm də turizm müstəvisində əməkdaşlığın inkişafına təkan verəcək.
Türkan İsgəndərli
tag: Ceyhun Aşurov,Ekspert,Viza,Azərbaycan,Todaypress.tv,
