Türkiyə XİN-dən Aİ-yə SƏRT BƏYANAT – Bütün ittihamlar rədd edildi
Avropa Komissiyasının Türkiyə ilə bağlı hazırladığı hesabat qərəzli və ədalətdən uzaq mövqeyi ortaya qoyur.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib.
Açıqlamada deyilir:
“Avropa Komissiyasının 2026-cı il Genişlənmə Paketi çərçivəsində ölkəmizlə bağlı hazırladığı hesabat Avropa İttifaqının ölkəmizə qarşı qərəzli və ədalətdən uzaq mövqeyini bir daha ortaya qoyur. Hesabatda yer alan, xüsusilə siyasi meyarlar, məhkəmə sistemi və fundamental hüquqlar sahəsindəki əsassız iddiaları rədd edirik. Sözügedən ittihamlar bəzi Aİ rəsmilərinin ikili standartlara əsaslanan yanaşmasının, eləcə də ziddiyyətli və inandırıcılığını itirmiş düşüncə tərzinin əksidir.
Hesabatda son illərdə olduğu kimi, Yunanıstanın və Kiprin yunan tərəfinin beynəlxalq hüquqa uyğun gəlməyən, reallıqdan uzaq maksimalist tezislərinin müdafiə olunduğunu, Türkiyənin və Şimali Kipr Türk Cümhuriyyətinin qanuni hüquq və maraqları, eləcə də haqlı siyasətinin bir daha nəzərə alınmadığını müşahidə edirik. Bu fürsətdən istifadə edərək bir daha xatırladırıq ki, Aİ Kipr məsələsində qeyd-şərtsiz Kiprin yunan tərəfinin mövqeyini dəstəklədiyi müddətdə həll səylərinə töhfə verə bilməz”.
Yazıda qeyd olunub ki, hesabatda Şərqi Aralıq dənizi ilə bağlı qiymətləndirmələr beynəlxalq hüquqa və ədalət prinsipinə tamamilə ziddir, Türkiyə ilə Liviya arasında imzalanmış Anlaşma Memorandumuna dair ifadələrin isə heç bir hüquqi qüvvəsi yoxdu:
“Türkiyə-Aİ münasibətləri dar siyasi hesablamalardan və birtərəfli yanaşmalardan kənarda, qarşılıqlı maraqlar və uzunmüddətli baxış əsasında formalaşmalıdır. Türkiyə tərəfdaşlıq hüququ və öhdəliklərə sədaqət prinsipi çərçivəsində qarşılıqlı etimad, hörmət və ədalətə əsaslanan yanaşma ilə münasibətləri inkişaf etdirməyə hazırdır. Aİ-dən gözləntimiz son dövrdə artan dialoqu üzvlük perspektivimizi gücləndirən konkret qərarlara çevirərək ortaq gələcəyimizin tələb etdiyi strateji iradəni nümayiş etdirməsidir”, - deyə açıqlamada vurğulanıb.
Aysel Mətləb