Okinavada faciə: ABŞ dəniz piyadası təlimdə həlak oldu
Yaponiyanın Okinava adasında yerləşən Kemp Şvab hərbi bazasında təlim hazırlığı zamanı baş verən insident nəticəsində ABŞ dəniz piyadası həlak olub.
TodayPress TV xəbər verir ki, bu barədə "NBC" ABŞ Dəniz Piyadaları Korpusunun 3-cü diviziyasına istinadən məlumat yayıb.
Hərbçilərin məlumatına görə, insident noyabrın 3-də baş verib. Həlak olan şəxsin adı hələ açıqlanmır. Adı yaxınlarına məlumat verildikdən ən azı 24 saat sonra ictimaiyyətə açıqlanacaq.
“Baş verən hadisənin təfərrüatları araşdırılmaqda davam edir”, – deyə diviziyanın bəyanatında bildirilib. Hərbçilər, həmçinin həlak olan şəxsin ailəsinə və yaxınlarına başsağlığı veriblər.
Qeyd edək ki, Okinava Yaponiyanın ən cənub prefekturasıdır. Burada Hind-Sakit okean regionunda ABŞ-nin hərbi infrastrukturunun əhəmiyyətli hissəsi yerləşir. İkinci Dünya müharibəsindən sonra ada ABŞ-nin idarəçiliyi altında olub, 1972-ci ildə isə Yaponiyaya qaytarılıb.
Nəşrin məlumatına görə, Okinavada təxminən 80 min ABŞ vətəndaşı yaşayır. Onlardan təxminən 30 mini həqiqi hərbi xidmətdə olan hərbçilərdir. Adadakı Amerika hərbi kontingentinin əsas hissəsini dəniz piyadaları təşkil edir.
Aysel Mətləb