ABŞ-dakı seçki nəticələri İran üçün nəyi dəyişəcək? – 3 MÜMKÜN SSENARİ

ABŞ-dakı seçki nəticələri İran üçün nəyi dəyişəcək? – 3 MÜMKÜN SSENARİ
04.11.2026 13:38 Təhlil

ABŞ-da aralıq seçkilərində demokratların qələbəsi Donald Tramp administrasiyasının İran siyasətinə təsirsiz ötüşməyəcək. Konqresdə qüvvələr nisbətinin dəyişməsi Vaşinqtonun Tehranla müharibə və danışıqlar strategiyasını çətinləşdirə bilər.

TodayPress TV xəbər verir ki, bunu siyasi analitik Asif Nərimanlı ABŞ-da aralıq seçkilərin mümkün nəticələrini şərh edərkən deyib.


Analitikin sözlərinə görə, respublikaçıların məğlubiyyətinin əsas səbəblərindən biri İranla müharibə fonunda yanacaq qiymətlərinin artması və inflyasiya olub. O hesab edir ki, demokratların Konqresdə mövqelərini gücləndirməsi Trampın manevr imkanlarını daraldacaq:

“Demokratlar Konqresdə hərbi xərclərin ayrılmasına, eləcə də xarici siyasət məsələlərinə nəzarət edəcəklər. Bu da Trampın manevr imkanlarını daraldacaq. Danışıqların tərəfdarı olan demokratlar administrasiyaya İranla anlaşma üçün təzyiq göstərə bilərlər. Seçkidə məğlubiyyət Trampı daha çox daxili siyasətə diqqət ayırmağa sövq edə bilər”.

O hesab edir ki, seçkilərin nəticəsi ABŞ-ın yaxın vaxtlarda nüvə sazişinə qayıdacağı və sanksiyaları aradan qaldıracağı demək deyil. Bununla belə, yaranmış vəziyyət İranın mövqelərini gücləndirə bilər:

“İranın əsas planlarından biri ABŞ-dakı aralıq seçkilərə qədər anlaşmanı təxirə salmaqla nəticələrə təsir etmək və respublikaçıların məğlubiyyəti ssenarisinə hazırlaşmaq idi. Hazırda nəzəri olaraq buna nail olduğu görünür. Buna paralel olaraq, İsraildəki seçkinin nəticələri də Tehran üçün arzuolunan mənzərə yaradıb. Benyamin Netanyahunun rəhbərlik etdiyi radikal sağ üstünlük qazansa da, koalisiya hökumətinin formalaşdırılması ilə bağlı qeyri-müəyyənlik qalır. Beləliklə, Vaşinqton və Təl-Əvivdə İranla müharibə planlarının perspektivləri sual altına düşür”.

Ekspertin fikrincə, müharibə təhlükəsi aradan qalxmayıb. O, qarşıdakı dövr üçün üç mümkün ssenarini qeyd edib.

Birinci ssenari ABŞ və İran arasında razılaşmanın əldə olunmasıdır.

Asif Nərimanlıya görə, Tramp daxili siyasi təzyiqləri azaltmaq və növbəti seçkilərə qədər partiyasının mövqelərini yaxşılaşdırmaq üçün Tehranla anlaşmaya gedə bilər. Lakin nüvə məsələsində Vaşinqtonun prinsipial mövqeyini qoruyacağı gözlənilir:

“İran vəziyyətdən istifadə edərək danışıqlar masasında daha az itki ilə razılaşa və sanksiyaların ən azı yumşaldılmasına nail ola bilər. Lakin Tehranda söz sahibi olan qüvvələrin sərt xəttin tərəfdarları olması bu perspektivi dumanlı edir”.

İkinci ssenari müharibə və danışıqların paralel davam etdirilməsidir. Bu variantda ABŞ lokal zərbələrlə İrana təzyiq göstərməklə danışıqları davam etdirə bilər:

“Vaşinqton Tehranı maksimal tələblərlə razılaşmadan uzaqlaşmağa sövq etməyə, bununla da hərbi addımlar üçün əsas formalaşdırmağa çalışa bilər. Tramp administrasiyası İranın ABŞ-ın milli təhlükəsizliyinə təhdid olduğunu göstərməklə müharibənin yeganə seçim olduğu barədə rəyi gücləndirə bilər. Bu ssenaridə də İranın seçimləri və psixoloji dayanıqlılığı həlledici olacaq”.

Üçüncü ssenari isə İrana həlledici zərbənin endirilməsidir. Ekspert bu ehtimalı zəif saysa da, Trampın və Netanyahunun daxili siyasi maraqlarının hərbi eskalasiyaya yol aça biləcəyini istisna etmir:

“Aralıq seçkilərinin nəticəsi mənfi olsa da, Trampın qarşısındakı ‘seçkilərə görə ehtiyatlı davranmaq’ maneəsini aradan qaldırır. Digər tərəfdən, nüfuzunu qorumaq üçün İran üzərində qələbəyə ehtiyac duya bilər. Netanyahu isə hökumətin qurulmasında çətinliklər fonunda daxili siyasi və ictimai qüvvələri ətrafına toplamaq məqsədilə İsrailin təhlükəsizliyinin qorunması taktikasını genişləndirə bilər. Bu isə İranla genişmiqyaslı müharibə ehtimalını yenidən aktuallaşdırır”.

Politoloqun qənaətinə görə, Vaşinqton və Təl-Əvivdəki siyasi dəyişikliklər İrana müvəqqəti nəfəs almaq imkanı versə də, hərbi təhlükə qalmaqdadır.

Jalə Rövşən 


XƏBƏR LENTİ
04 NOYABR 2026
Bütün Xəbərlər