Tramp "topal ördək" vəziyyətindən necə çıxacaq? - ŞƏRH

Tramp  "topal ördək" vəziyyətindən  necə çıxacaq? - ŞƏRH
04.11.2026 15:06 Təhlil

ABŞ-da keçirilən aralıq seçkilərində Demokratların Konqresin hər iki palatasında çoxluğu əldə etməsi Donald Tramp administrasiyasının həm daxili, həm də xarici siyasətdə ciddi siyasi maneələrlə üzləşməsi ehtimalını artırır. Bu nəticələr fonunda Trampın faktiki olaraq “topal ördək” vəziyyətinə düşməsi mümkündürmü? Hər iki ssenaridə - Demokratların və ya Respublikaçıların qələbəsi halında Tramp hansı addımları ata bilərdi? Xüsusilə İran cəbhəsində Vaşinqtonun siyasətində hansı dəyişikliklər gözlənilir?

Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə TodayPress TV-yə açıqlamasında bildirib ki, Demokratların Konqresin hər iki palatasında çoxluğu əldə etməsi Trampın siyasi manevr imkanlarını məhdudlaşdıra bilər: 


“Amerika siyasi terminologiyasında "topal ördək"  ifadəsi prezidentin hakimiyyətdə qalmasına baxmayaraq, siyasi təsir imkanlarının və qərarlarını həyata keçirmək potensialının zəifləməsini bildirir. Demokratların Konqresin hər iki palatasına nəzarəti ələ keçirməsi Trampın qanunvericilik təşəbbüslərini, büdcə siyasətini və kadr təyinatlarını çətinləşdirəcək. Xüsusilə Senatda demokratların çoxluğu administrasiyanın hakim və yüksək vəzifəli şəxslərlə bağlı namizədlərinin təsdiqinə təsir imkanları yaradacaq. Amma buna baxmayaraq, Trampın siyasi baxımdan tamamilə iflic vəziyyətinə düşəcəyini söyləmək düzgün olmazdı. Prezident xarici siyasət, diplomatik danışıqlar və silahlı qüvvələrin baş komandanı kimi geniş səlahiyyətlərini saxlayır. O, həmçinin Konqresin qəbul etdiyi qanunlara veto qoymaq imkanına malikdir”.

Müsahibimiz  İran məsələsinin Ağ Ev ilə Konqres arasında qarşıdurmanın əsas istiqamətlərindən birinə çevrilə biləcəyini vurğulayıb:

“İran məsələsi isə bu siyasi qarşıdurmanın ən həssas istiqamətlərindən birinə çevrilə bilər. Demokratların seçki kampaniyasında İran müharibəsinin iqtisadi və humanitar nəticələrini tənqid etməsi, yeni Konqresin hərbi əməliyyatlara ayrılan maliyyə vəsaitlərini və administrasiyanın qərarlarını daha ciddi araşdıracağını göstərir. Başqa sözlə, Trampın İranla müharibəni davam etdirmək imkanları siyasi və maliyyə baxımından daha çox müzakirə predmetinə çevriləcək. Demokratlar hərbi əməliyyatların hüquqi əsaslarını, xərclərini və nəticələrini araşdırmağa, əlavə maliyyələşməyə mane olmağa və administrasiyanı diplomatik həllə sövq etməyə çalışa bilərlər. Belə vəziyyətdə Trampın qarşısında iki yol qalır. Ya daxili siyasi təzyiqi azaltmaq, enerji qiymətlərinin yüksəlməsinin qarşısını almaq və öz siyasi mövqelərini qorumaq üçün Tehranla razılaşmaq, ya da Demokratların yeni Konqresdə səlahiyyətlərinin 2027-ci ilin yanvarında başlayacağını nəzərə alaraq hərbi təzyiqə əl atmaq. Başqa sözlə desək, qarşıdakı keçid dövründə Trampın hərbi və diplomatik qərarvermə imkanları hələ ki, əvvəlki kimi qalır”.

Politoloq Respublikaçıların qələbəsi halında isə Ağ Evin daha geniş imkanlara malik olacağını qeyd edib:

“Şübhəsiz ki, Respublikaçıların hər iki palatada çoxluğu saxlaması tamam başqa situasiya yarada bilərdi. Çünki belə nəticə Trampın siyasətinə seçicilər tərəfindən verilmiş əlavə siyasi dəstək kimi təqdim ediləcəkdi. O zaman Ağ Ev İran siyasətində hərbi və iqtisadi təzyiq vasitələrindən istifadə üçün Konqres daxilində daha əlverişli imkanlar əldə etmiş olacaqdı. Ancaq bu baş vermədi və indi Trampın ‘topal ördək’ vəziyyətinə düşməsi məsələsi gündəmə gəlir. Tramp qarşıdakı dövrdə istəsə də, istəməsə də Demokratlarla kompromis axtarmaq məcburiyyətində olacaq”.

Jalə Rövşən 

XƏBƏR LENTİ
04 NOYABR 2026
Bütün Xəbərlər