Rus çarı türkləri Ukraynada qırdırır

Rus çarı türkləri Ukraynada qırdırır
04.11.2026 12:38 Təhlil

Rusiya–Ukrayna müharibəsi artıq təkcə iki slavyan xalqının toqquşması və ya Moskvanın imperialist ekspansiyası deyil, Kremlin daxildəki qeyri-rus, xüsusilə də türk və müsəlman xalqlarını sistemli şəkildə məhv etmək üçün apardığı demoqrafik təmizləmə əməliyyatına çevrilib. Təkcə oktyabr ayının dəhşətli statistikası bu acı reallığı bütün çılpaqlığı ilə ortaya qoyur: Rusiya ordusunun bir ay ərzində verdiyi itkilərin sayı 50 mini ötüb və bu canlı qüvvə itkisinin 12 min nəfərdən çoxu məhz Başqırdıstandan cəbhəyə səfərbər edilən gənclərin payına düşür.

Bir ayda tək bir respublikadan 12 min nəfərin qurban verilməsi hərbi zərurət və ya təsadüf ola bilməz. Bu, Kremlin bilərəkdən həyata keçirdiyi xüsusi dövlət siyasətidir. Moskva və Sankt-Peterburqun elitar rus gənclərini müharibənin dəhşətlərindən qoruyan Putin rejimi, Ukraynanın ətçəkən maşınına məhz ucqarlardan – İdel-Uraldan, Şimali Qafqazdan və Sibirdən topladığı türk və müsəlman övladlarını atır.

Rusiya hakimiyyətinin əsas hədəfi aydındır: bir güllə ilə iki hədəfi vurmaq. Bir tərəfdən Ukraynada cəbhə xəttini canlı sipərlərlə saxlamaq, digər tərəfdən isə gələcəkdə Rusiyanın daxilində federalizm tələb edə biləcək, milli kimliyini qoruyan, demoqrafik baxımdan sürətlə çoxalan türk və müsəlman əhalini zəiflətmək, onların gənc genofondunu qırmaq. Başqırdıstanda, Tatarıstanda, Çeçenistanda, Dağıstanda kəndlər kişi xeylağından məhrum qalır; analar oğulsuz, körpələr atasız böyüyür.

Tarix təkrar olunur. Çar Rusiyasının və bolşeviklərin vaxtilə özgə müharibələrinə sürüklədiyi tatarlar, başqırdlar, çeçenlər, ləzgilər, avarlar, qumuqlar, çərkəzlər və digər qafqazlılar bu gün də yeni "rus çarı"nın şovinist ambisiyalarının qurbanına çevrilirlər. Moskvanın apardığı bu müharibə nə başqırdın, nə tatarın, nə də qafqazlının savaşı deyil. Heç bir türk və ya müsəlman gəncinin yad torpaqlarda, rus şovinizminin və imperiya xülyalarının naminə ölmək borcu yoxdur.

Federasiya daxilində yaşayan bütün türk və müsəlman xalqları artıq bu qanlı oyunu görməli, öz taleləri haqqında ciddi düşünməlidirlər. Öz ana vətənlərində hüquqsuz vəziyyətə salınan, milli dilləri məktəblərdən sıxışdırılan, resursları Moskva tərəfindən talanan xalqlar başa düşməlidir ki, onların qanı üzərində yalnız bir nəfərin taxt-tacı qorunur. Bu qırğına qarşı etiraz səslərini ucaltmaq, səfərbərlikdən yayınmaq və öz varlığını qorumaq bu gün həmin xalqlar üçün bir ölüm-dirim, milli varlıq məsələsidir.


İsmayıl Şahlı

TodayPress TV 

XƏBƏR LENTİ
04 NOYABR 2026
Bütün Xəbərlər