Uşaqlara mygov hesabı niyə lazımdır? - Valideynləri düşündürən suallara CAVAB

Uşaqlara mygov hesabı niyə lazımdır? - Valideynləri düşündürən suallara CAVAB
04.11.2026 18:16 Elm və Təhsil

Məktəblərdə şagirdlərin mygov platformasında qeydiyyata alınması ilə bağlı tələb valideynlər arasında suallar yaradıb. Məlumata görə, 7 yaşdan yuxarı uşaqların da platformadan istifadəsi nəzərdə tutulur. Lakin burada bir sıra praktiki məsələlər ortaya çıxır:

Mygov-da bir telefondan bir neçə profilə daxil olmaq mümkündürmü? Bundan başqa, mygov-da uşaqların qeydiyyatına hansı yaşdan icazə verildiyi, bunun üçün SİMA rəqəmsal imzanın tələb olunub-olunmadığı və məktəblilərin şəxsi hesab açmasına hansı zərurətdən ehtiyac yarandığı da müzakirə mövzusudur. Valideynlər hesab edirlər ki, bu məsələdə texniki imkanlar və ailələrin gündəlik şəraiti də nəzərə alınmalıdır.

Mövzu ilə bağlı TodayPress TV-nin sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən bildirilib ki, 7 yaşdan yuxarı uşaqlar da “mygov” platformasında fərdi hesab yarada bilərlər.

Agentlikdən qeyd edilib ki, platformadan istifadə vətəndaşlara dövlət xidmətlərinə rəqəmsal formada çıxış, fərdi məlumatlarının paylaşılmasına nəzarət və dövlət qurumları ilə rəqəmsal kommunikasiya imkanları yaradır.

Bildirilib ki, bu istiqamətdə görülən işlər “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində həyata keçirilir.

Qurum vurğulayıb ki, uşağın “mygov” hesabından istifadə etməsi üçün ayrıca mobil telefonunun olması zəruri deyil. Hesaba valideynin mobil telefonu və ya fərdi kompüter vasitəsilə də daxil olmaq mümkündür. Bunun üçün açıq olan hesabdan çıxış edib digər şəxsin hesabına daxil olmaq kifayətdir.

Şəxsi mobil telefonu olan yuxarı sinif şagirdlərinə isə “mygov” tətbiqini öz cihazlarına yükləyərək fərdi hesablarından istifadə etmələri tövsiyə olunur.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən isə sorğumuza cavab olaraq bildirilib ki, ümumi təhsil müəssisələrində şagirdlərin “mygov” platformasında fərdi hesablarının yaradılması ilə bağlı məlumatlandırma aparılır.

Agentlikdən qeyd edilib ki, təşəbbüsün əsas məqsədi hər bir şagirdin rəqəmsal mühitdə fərdi hesabının formalaşdırılması, təhsillə bağlı məlumatlarına və müvafiq təhsil sənədlərinə daha rahat çıxışının təmin edilməsidir.

Bildirilib ki, bu hesablar vasitəsilə şagirdlər təhsil xidmətlərindən daha operativ və əlçatan şəkildə istifadə edə biləcəklər. Bu məqsədlə valideynlərə mobil telefonlarına “mygov” tətbiqini yükləmək və ondan aktiv istifadə etmək tövsiyə olunur.

Agentlikdən vurğulanıb ki, 7 yaş və daha yuxarı şagirdlər üçün ayrıca hesab yaradılması nəzərdə tutulur. Bu istiqamətdə çətinlik yaşayan valideynlərə ümumi təhsil müəssisələrində müvafiq məlumat verilir.

Qurum, həmçinin texniki baxımdan bir mobil telefonda bir neçə şagird üçün ayrıca “mygov” hesabı yaratmağın mümkün olduğunu açıqlayıb.

Mövzu ilə bağlı valideynləri maraqlandıran suallara aydınlıq gətirmək məqsədilə EATDA tərəfindən müvafiq videoçarx da hazırlanıb:

Jalə Rövşən 

XƏBƏR LENTİ
04 NOYABR 2026
Bütün Xəbərlər