Qara dənizdə Türkiyəyə şok tələ: 25 gəmi vuruldu, Ankara hərəkətə keçdi

Qara dənizdə Türkiyəyə şok tələ: 25 gəmi vuruldu, Ankara hərəkətə keçdi
18.09.2026 15:01 Təhlil

Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə mülki gəmilərə atəşin dayandırılması ilə bağlı memorandum imzalamağı təklif edib. Təklifdə 2022-ci ildə imzalanmış “Taxıl sazişi”nin mexanizmi əsas götürülüb.

“AFP”nin məlumatına görə, saziş layihəsi artıq tərəflərə təqdim olunub. Ankaranın bu yeni təşəbbüsü Ukraynanın Türkiyəyə məxsus ticarət gəmilərinə ardıcıl zərbələr endirməsindən sonraya təsadüf edir.

Məlumata görə, saziş layihəsi hər iki ölkəyə göndərilib. Türkiyəli diplomat bildirib ki, məqsəd Qara dənizdə mülki gəmiçiliyə qarşı hücumların qarşısını almaq üçün tərəflər arasında məqbul formul tapmaqdır.

2023-cü ildə Rusiya sazişdən çıxdıqdan sonra Ukrayna Rumıniya və Bolqarıstan sahilləri boyunca yeni marşrut müəyyənləşdirib. Lakin gəmilərin beynəlxalq sulara çıxdığı 4-5 millik açıq sahə hələ də qalmaqdadır. Türkiyəli diplomat məhz bu hissəni ən riskli zona kimi qiymətləndirib və gəmilərin təhlükəsizliyini təmin etmək üçün “Taxıl sazişi” təcrübəsinə qayıtmağın vacibliyini vurğulayıb.

Ankara, həmçinin alternativ marşrut da təklif edib: dənizin şərq və cənub sahilləri boyunca, yəni Gürcüstan və Türkiyənin ərazi sularından keçən marşrut. Türkiyəli diplomat razılıq əldə olunacağı təqdirdə bu qonşu dövlətlərin ərazi sularından istifadə edilə biləcəyini qeyd edib.

Türkiyə gəmiləri hədəfə çevrilir

Son aylarda Qara dənizdəki toqquşmalar Türkiyə biznesinə ciddi ziyan vurub. “Daily Sabah”ın məlumatına görə, iyunun sonundan etibarən Türkiyə şirkətlərinə məxsus ən azı 25 gəmi zərbələrə məruz qalıb. Onlardan 4-ü bilavasitə Türkiyə bayrağı altında üzürdü.

Ən ağır insident iyulun 22-də baş verib. Rusiyanın Taman limanından Trabzona kömür aparan “Reyhan Sarı” yük gəmisi PUA hücumuna məruz qalıb. Nəticədə ekipaj üzvlərindən biri həlak olub, üçü yaralanıb. Gəminin sahibi və dənizçilər hücumun Ukrayna tərəfindən həyata keçirildiyini bildirərək sentyabrda Beynəlxalq Cinayət Məhkəməsinə müraciət ediblər. Lakin rəsmi Ankara Kiyevi ittiham etməyib.

Oxşar hadisə avqustun 3-də də baş verib. Novorossiyskdən 20 dəniz mili aralıda Türkiyə şirkətlərinə məxsus “Yaşar” və “Nadezhda” gəmiləri PUA-lar tərəfindən vurulub, nəticədə yaralananlar olub. Türkiyə bu hadisədə də tərəflərdən heç birini rəsmən günahlandırmayıb.

Bununla belə, Türkiyə Xarici İşlər Nazirliyi mülki gəmilərə hücumlarla bağlı ciddi narahatlığını ifadə edərək, belə halların Qara dənizdə gərginliyi daha da artıracağı barədə xəbərdarlıq edib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan hələ iyulun 16-da bildirmişdi ki, müharibəni tam dayandırmaq mümkün olmasa belə, heç olmasa dənizçilik və enerji infrastrukturuna zərbələr endirilməsindən imtina edilməlidir. Avqustun 8-də isə Fidan hərbi əməliyyatlara moratorium tətbiq edilməsi və ticarət gəmilərinin təhlükəsizliyini təmin edəcək xüsusi mexanizmin yaradılması ilə bağlı təkliflərin Rusiya və Ukraynaya çatdırıldığını bəyan edib.

Rusiya Xarici İşlər Nazirliyi isə cavabında Ukrayna tərəfinin hər ay dəfələrlə sahilyanı ölkələrin gəmilərinə hücum etdiyini iddia edib. Moskva diplomatik kanallarla belə bir rəsmi təklif almadığını bildirərək, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın dili ilə qeyd edib ki, Kiyevə vaxt qazandıran yarımçıq addımlar üçün heç bir əsas görmür.

Bəs “Taxıl sazişi” necə işləyirdi?

2022-ci ilin iyulunda Türkiyə və BMT-nin vasitəçiliyi ilə bağlanan saziş Ukraynanın Odessa, Çornomorsk və Yujnı limanlarından ərzaq məhsullarının təhlükəsiz daşınmasına şərait yaradıb. İstanbulda yaradılan Birgə Koordinasiya Mərkəzi prosesə nəzarət edib. Saziş qüvvədə olduğu müddətdə dünya bazarlarına 33 milyon tona yaxın ərzaq məhsulu çıxarılıb.

Lakin 2023-cü ilin iyulunda Rusiya sazişi uzatmaqdan imtina edib. Moskva bunu sazişin Rusiyanın ixracına aid hissəsinin — “Rosselxozbank”ın SWIFT sisteminə qaytarılması, gəmilərin sığortalanması və gübrə tədarükünə qoyulan maneələrin aradan qaldırılması ilə bağlı tələblərin yerinə yetirilməməsi ilə əsaslandırıb.

Bundan sonra Ukrayna öz riskləri hesabına sahilboyu dəniz dəhlizi açaraq yük daşımalarını bərpa etməyə çalışıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
18 SENTYABR 2026
Bütün Xəbərlər