Azərbaycan millisindən 4 qələbə – Hədəf yarımfinal!
Xorvatiyanın Poreç şəhərində keçirilən boks üzrə U-23 Avropa çempionatında Azərbaycan millisinin daha dörd üzvü 1/4 finala vəsiqə qazanıb. Yarışın üçüncü günündə rinqə çıxmalı olan təmsilçilərimizin hamısı növbəti mərhələyə yüksəlib.
TodayPress TV xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan Bilalhəbaşi Nəzərov döyüş keçirmədən mərhələ adlayıb. Onun rəqibi, moldovalı Katalin Turku çəkisi normadan artıq olduğu üçün qarşılaşmaya buraxılmayıb. İkiqat Avropa çempionumuz 1/4 finalda çexiyalı Filip Horvatla üz-üzə gələcək.
55 kq çəki dərəcəsində çıxış edən Zidan Hünbətov 1/8 finalda italiyalı Badreddin Buraouianı məğlub edib. Hər üç raundu xeyrinə başa vuran boksçumuz hakimlərin yekdil qərarı ilə 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesablı qələbə qazanıb. O, yarımfinala yüksəlmək uğrunda serbiyalı Nikola Maksimoviçlə qarşılaşacaq.
Məhəmmədəli Aşırəliyev (60 kq) də 1/8 final mərhələsini uğurla keçib. Təmsilçimiz israilli Abdullah Rahalı 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edib. Aşırəliyevin 1/4 finaldakı rəqibi ispaniyalı Brandon Hinea Kollasos olacaq.
70 kq çəki dərəcəsində mübarizə aparan Nicat Alırzayev isə litvalı Edqaras Trotenskis üzərində 3:2 (30:27, 28:29, 30:27, 29:28, 28:29) hesablı qələbə qazanıb. Azərbaycan boksçusu yarımfinala vəsiqə uğrunda monteneqrolu Miloş Roqanoviçlə döyüşəcək.
Bu boksçulardan ikisi noyabrın 20-də, digər ikisi isə noyabrın 21-də 1/4 final görüşlərini keçirəcək.
Qeyd edək ki, 39 ölkədən 276 idmançının qatıldığı Avropa çempionatına noyabrın 24-də yekun vurulacaq. Bir gün əvvəl Azərbaycan millisinin daha bir üzvü 1/4 finala yüksəlib. Beləliklə, təmsilçilərimizin beşi bu mərhələyə vəsiqə qazanıb.