ABŞ sərhəddə lazer silahını işə saldı: 3 PUA vuruldu
ABŞ Ordusu Meksika narkokartellərinin üzvləri tərəfindən buraxıldığı ehtimal edilən üç pilotsuz uçuş aparatını (PUA) ələ keçirmək üçün "AMP-HEL" proqramı çərçivəsində hazırlanmış lazer sistemindən ilk dəfə istifadə edib.
TodayPress TV xəbər verir ki, bu barədə Pentaqon bəyanat yayıb.
Məlumata görə, ABŞ üçün “fiziki təhlükə yaradan” PUA-lar avqustun əvvəlində Birgə Cənub Sərhədi üzrə İşçi Qrupunun (JTF-SB) əməkdaşları tərəfindən vurulub. PUA-ların hansı məsafədə zərərsizləşdirildiyi və istifadə olunan lazerin konkret növü barədə məlumat verilməyib.
“Bu lazer sistemi kimi qabaqcıl yönəldilmiş enerji imkanlarını çoxsəviyyəli əks-tədbirlərlə birləşdirərək, düşmən müşahidəsinə dözməyəcəyimizi açıq şəkildə göstərdik. Sərhəd bölgəsi üçün bu təhlükə ilə mübarizə apararkən Meksika Ordusundakı tərəfdaşlarımızın dəstəyini də yüksək qiymətləndiririk”, - deyə JTF-SB komandiri, general-mayor Kertis Teylor bildirib.
Pentaqon gələcək hərbi əməliyyatlarda həm kamikadze PUA-lardan, həm də lazerlərdən istifadə olunacağına əmindir. Bu səbəbdən Pentaqon gələn ildən etibarən yüz minlərlə pilotsuz uçuş sistemi, eləcə də onlara qarşı yönəldilmiş enerji silahları da daxil olmaqla əks-tədbirlər əldə etməyi planlaşdırır.
Aysel Mətləb