Prezidentin bugünkü çıxışı İrəvanda böyük həyəcan yaratdı - TƏHLİL
Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyev vurğuladı ki, bu, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra keçirilən ilk qurultaydır.
Dövlət başçısı xatırlatdı ki, Ermənistanın bugünkü iqtidarı da vaxtilə Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edib, xalqın heysiyyətinə toxunan açıqlamalar verib və bunları unutmaq olmaz. Çıxışın əsas cümləsi isə bu cür oldu: bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq olmaz, halbuki o rəhbərlərin hamısı hərbi cinayətkardır və cəzasını çəkməlidir.
Bu xatırlatmanın niyə məhz indi səsləndiyini anlamaq üçün son bir ayın xronologiyasına baxmaq lazımdır. Sentyabrda Bakı ilə İrəvan arasındakı münasibətlərdə yenidən gərginlik yarandı. Azərbaycanda akkreditə olunmuş 58 ölkədən 150 diplomat Qarabağa səfər etdi, Prezidentin köməkçisi Hikmət Hacıyev onlara Gəncəsar və Xudavəng monastırlarını qədim Qafqaz Albaniyası xristian irsinin ayrılmaz hissəsi kimi təqdim etdi. Ermənistanda bu səfər sərt reaksiya doğurdu. Siyasətçilərin bir qismi rəhbərlikdən güclü rəsmi cavab tələb etdi, vəziyyət sülh prosesini ləngidə biləcək ciddi böhran kimi xarakterizə olundu. Vətəndaş cəmiyyəti səviyyəsində qurulan körpülər də donub qaldı: "Sülh körpüsü" təşəbbüsü çərçivəsində İrəvanda keçirilməli olan ekspert görüşü Azərbaycan tərəfinin xahişi ilə gərginlik azalanadək təxirə salındı.
Bu fonda Paşinyanın BMT kürsüsündən səsləndirdiyi fikirlər Bakıda diqqətlə dinlənildi. Baş nazir sentyabrın 25-də Baş Assambleyada itkin düşənlərin taleyini, minasızlaşdırmanı və Azərbaycanda saxlanılan ermənilərin qaytarılmasını həll olunmamış məsələlər sırasına daxil etdi. O, tarix və mədəniyyət abidələri ətrafında toqquşan narrativlərin pessimizm yaratdığını deyib, əldə olunmuş nəticələrin bu mübahisələrdən daha önəmli olmalı olduğunu bildirdi. Paşinyan beynəlxalq auditoriya qarşısında özünü sülhün memarı kimi təqdim etməsi Bakının gün cavab verməsinə səbəb oldu.
Çıxışın alt qatında üç əsas mesaj oxunur. Birincisi, Paşinyanın uzun müddətdir qurduğu siyasi obrazın inkarıdır. Ermənistan baş naziri öz legitimliyini "Qarabağ klanı" ilə qırılan əlaqə üzərində qurub, otuz illik münaqişənin bütün yükünü Köçəryan və Sarkisyan dövrünün üzərinə qoyub. Lakin 2019-cu ilin avqustunda Xankəndidə "Artsax Ermənistandır və nöqtə" deyən də, 2020-ci ildə müharibəyə rəhbərlik edən də elə Paşinyan idi. Prezident Əliyev bu faktları yada salmaqla Paşinyana mənəvi amnistiya verməkdən imtina edir. Bakının nəzərində bugünkü konstruktivlik ötən illərin davranışını avtomatik olaraq ləğv etmir.
İkinci mesaj institusional zəmanət məsələsinə bağlıdır. Rəsmi Bakının mövqeyi uzun müddətdir dəyişmir. Prezident Əliyev hələ fevralda Münxendə bildirmişdi ki, Ermənistan Konstitusiyasına lazımi dəyişikliklər edilən kimi ertəsi gün sülh müqaviləsi imzalana bilər, Vaşinqton razılaşmaları və müqavilənin paraflanması isə de-fakto sülh deməkdir. Problem ondadır ki, bu yol indi bağlı görünür. İyunun 7-də keçirilən parlament seçkilərində hakim "Mülki Müqavilə" partiyası konstitusiya çoxluğu qazana bilmədi, bu isə yeni konstitusiya üzrə referendum elan etmək üçün tələb olunan üçdəikilik çoxluğun əldə olmadığı deməkdir. Belə vəziyyətdə Bakının məntiqi aydındır. Paşinyanın keçmiş iddialarını xatırlatmaq onun şəxsi niyyətlərinə arxalanmağın riskli olduğunu, etibarın yalnız hüquqi sənədlə təmin oluna biləcəyini göstərmək üsuludur.
Üçüncü mesaj daha geniş geosiyasi mənzərəyə aiddir. Regionda xarici aktorların təsiri artıq açıq hiss olunur. ABŞ texniki mürəkkəbliyi və geosiyasi həssaslığı nəzərə alaraq Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək Tramp marşrutunun tikintisinə başlamaq üçün hələ tez olduğunu hesab edir. Erməni analitiklər də ABŞ-dakı aralıq seçkilərin bu siyasəti dəyişə biləcəyini, Rusiyanın TRIPP layihəsinə maneə yaratmağa çalışdığını, İranın da layihənin Amerika çərçivəsində reallaşmasının qarşısını almaq niyyətini gizlətmədiyini qeyd edir. Qeyri-müəyyənliyin artdığı bu dövrdə Bakı öz mövqeyinin vasitəçilərin əhvalından asılı olmadığını nümayiş etdirir. Elə həmin çıxışda Prezidentin hərbi gücün artırılmasını əsas vəzifələrdən biri adlandırması və Azərbaycanın ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrildiyini vurğulaması bu xətti tamamlayır. Sülh güc mövqeyindən qorunur və bu, Ermənistan üçün də, onun xarici tərəfdaşları üçün də oxunaqlı bir siqnaldır.
Əvvəlki Ermənistan rəhbərlərinin hərbi cinayətkar adlandırılması və cəza məsələsinin gündəmdə saxlanması ayrıca diqqət tələb edir. Paşinyanın BMT-də Azərbaycanda saxlanılan erməniləri xatırlatması ilə Bakının ədalət gündəliyini açıq şəkildə qorumağı bir-birinə qarşı dayanan iki mövqedir. Azərbaycan rəhbərliyi bununla göstərir ki, münaqişə dövrünün cinayətlərinə görə məsuliyyət məsələsi diplomatik atmosferin yumşaldılması naminə bazarlıq predmetinə çevrilməyəcək.
Bəs bundan sonra nə gözlənilir? Hər şeydən öncə, sərt ritorika prosesin dağılması anlamına gəlmir. Paşinyanın özü etiraf edir ki, son iki il yarımda sərhəddə atışma nəticəsində heç kim həlak olmayıb və yaralanmayıb. İkitərəfli ticarət başlayıb, Azərbaycandan Ermənistana neft məhsulları ixrac olunur, üçüncü ölkələrin taxılı və digər yükləri Azərbaycan ərazisindən Ermənistana tranzitlə keçir. Bu praktik bağlar asanlıqla qırılmayacaq. Ən real ssenari "de-fakto sülh, de-yure fasilə" vəziyyətinin uzanmasıdır. Konstitusiya məsələsi açıq qaldıqca Bakı təzyiqi siyasi yaddaş üzərindən davam etdirəcək, İrəvan isə referendumsuz hüquqi formul axtarmağa cəhd göstərə bilər. Belə formulun Bakı tərəfindən qəbul olunma ehtimalı isə azdır, çünki rəsmi Azərbaycan dəfələrlə bəyan edib ki, gələcək erməni hökumətləri sənədin legitimliyini şübhə altına ala bilməməlidir.
Növbəti aylarda narrativlər müharibəsinin daha da kəskinləşəcəyini gözləmək olar. Tarixi irs, abidələr, keçmiş bəyanatlar və məsuliyyət məsələləri diplomatik masadan ictimai müstəviyə keçəcək. Bu gün Heydər Əliyev Mərkəzindən səslənən xatırlatma da bu mübarizənin bir hissəsidir. Bakının Paşinyana çatdırdığı mesaj sadədir: keçmişi tamamilə sələflərin üzərinə yıxmaq mümkün olmayacaq, sülhün yekun möhürü isə sözlə deyil, Ermənistanın Əsas Qanunundakı dəyişikliklə vurulacaq.

Əziz Əlibəyli, beynəlxalq münasibətlər üzrə tədqiqatçı