Prezident hakim partiyanı cəbhəyə sürdü - İdeoloji savaş başlanır

Prezident hakim partiyanı cəbhəyə sürdü  - İdeoloji savaş başlanır
05.10.2026 12:31 Təhlil
YAP-ın VIII Qurultayı Azərbaycan siyasətində xeyli dəyişikliklərə səbəb olacaq. Göründüyü kimi, oktyabrın ikisində Prezidentin Yeni Azərbaycan Partiyasının qurultayındakı çıxışı ölkənin gedişatını dəyişdirən, o cümlədən yeni siyasi vizyonu müəyyən edən ciddi açıqlamalarla yadda qaldı. Həmin məsələlər sırasında ön planda Prezident İlham Əliyev öz partiyası qarşısında qeyri-adi dərəcədə açıq tələb də qoydu. O, partiyasından tələb etdi ki, düzgün ideoloji işin qurulması ilə bağlı fəaliyyətini bu istiqamətdə həyata keçirsin, eyni zamanda yeni, müasir ideoloji işlər aparsın və şablonlardan, hesabat üçün keçirilən tədbirlərdən, formal xarakter daşıyan addımlardan uzaq durulsun.

Şübhəsiz ki, hakim partiyanın qurultayında dövlət başçısının bu cür tənqidi ton seçməsi təsadüfi ola bilməz. Çünki həmin nitqin arxasında Prezidentin toxunduğu nöqtələr bizim üçün də aydın bir təsəvvür yaratdı ki, çox ciddi, real təhlükələr var və biz onu üç istiqamətdə təhlil etməyə çalışmalıyıq:

* İdeoloji təhdidlər nə səviyyədə dağıdıcı bir vəziyyətə gəlib?

* Niyə bu mövzu məhz indi bu qədər aktuallaşıb?

* Hakim partiyanın on minlərlə fəaldan ibarət olan üzvləri bu təhdidlərə qarşı hansı cür səfərbər ola bilərlər?

Çox zaman ideoloji təhdid anlayışına mücərrəd və başa düşülməyən ifadə kimi yanaşırlar. Tank, raket, sərhəd pozuntusu, açığı, müharibənin özü də göz qarşısında olur. İdeoloji təsir isə görünməzdir, dövləti içindən yeyən və onun asta-asta, zaman ərzində dibini çürüdüb yıxan çox dəhşətli bir silahdır. Məhz bu görünməzlik onun ən böyük təhlükəsini özündə əks etdirir. Hərbi hücum cəmiyyəti birləşdirir. Məsələn, Qarabağ cəbhəsində Azərbaycanın hər cür ideoloji kəsiminə mənsub olan şəxslər vahid bir amal uğrunda birləşdi, hətta şəhid oldular, savaşdılar, qazi oldular. İdeoloji hücum isə cəmiyyəti daxildən parçalayır. Eyni zamanda cəmiyyəti həm bir-birinə qarşı qoyur, həm də dövlət və cəmiyyət arasında böyük uçurum yaradır. Nəticədə dövlət xaricdən heç bir təsir olmadan, ciddi güllə atılmadan zəifləyir.

2020-ci illə 2026-cı il Azərbaycan cəmiyyəti arasında müqayisə aparsaq, görərik ki, Azərbaycan cəmiyyəti indi daha çox bir-birinə qarşı münasibətdə aqressivdir və bir sıra ciddi məsələlər var ki, onun üzərindən barışmaz mövqe nümayiş etdirməyə başlayır. Bu da sözügedən xarici mənşəli, dağıdıcı ideoloji fəaliyyətlərin nəticəsidir. Tarix bunun acı nümunələri ilə doludur. Onların ən yaxını elə bizim öz keçmişimizdə də yer alıbdır. 1988-ci ildə Qarabağda separatçı hərəkat ilk olaraq başlayanda heç də silahla meydana çıxmadı. Ondan əvvəl illərlə tarixi saxtalaşdırdılar, sovet mətbuatında Ermənistanı müdafiə edən yazılar yazdılar, Azərbaycan haqqında yanlış fikirlər formalaşdırdılar. Bütün bunların hamısı nəticədə elə bir şərait ortaya çıxartdı ki, Azərbaycan bunun heç birinə cavab verəcək səviyyədə olmadı. Mərkəzi televiziya ancaq Ermənistanın mövqeyini müdafiə etdi, Azərbaycanla bağlı həqiqətləri görməzdən gəldilər. Və bu ideoloji məğlubiyyət həmin o Qarabağ müharibəsində hərbi məğlubiyyətdən əvvəl baş vermişdi. Nəticədə Azərbaycan özünün ən dəyərli torpaqlarının bir hissəsini, o cümlədən onun 30 illik işğalı faktı ilə üzbəüz qaldı. Ona görə həmin dərs bugünkü nəsillər üçün çox önəmlidir və torpaq itkisi çox vaxt birinci həmin o ideologiyanın və fikrin itkisi ilə başlayır.


2014-cü ildə Krım hadisələri müasir dövrün ən çox öyrənilən nümunəsidir. Yarımadanın ilhaqından əvvəl uzun müddət rusdilli mediada yerli əhaliyə Kiyev hakimiyyətinin onlar üçün çox təhlükəli olduğu təlqin olundu. Hadisələr başlayanda artıq cəmiyyətin mühüm bir hissəsinin düşüncəsi Rusiyaya müsbət şəkildə dəyişmişdi. Donbas prosesi də onun nəticəsində baş verdi və daha öncə Rusiyanın informasiya işğalına məruz qalan ərazidə silahlı münaqişə başladı, bu da artıq neçə illərdir davam edən müharibələrin səbəbi oldu. Şübhəsiz ki, hazırkı dönəmdə hibrid müharibə anlayışını hər kəs vurğulayır. İnformasiya əməliyyatı artıq hərbi əməliyyatların hazırlıq mərhələsi, ya elə hərbi əməliyyatların gedişində də ən çox istifadə olunan üsullardan biridir.

İdeoloji təhdid çox dağıdıcı bir səviyyəyə gəlib çatıbdır. Birinci, etimad anlayışını sıradan çıxardır. Cəmiyyət öz dövlətinə inanmamağa başlayır. Nəticədə düzgün qərarlara belə həmişə şübhə ilə yanaşır. Bu prosesin ikinci hissəsində tarixi yaddaşın silinməsi kimi ciddi məsələ dayanır. Məsələn, əldə olunmuş qələbəni dəyərsizləşdirmək, şəhidlərin xatirəsini kölgədə qoymağa çalışmaq, keçmişin dərslərindən ibrət almamaq, ölkənin gələcək potensialını bu istiqamətdə səfərbər etməmək kimi məsələlər gələcəkdə ölkənin müqavimət qabiliyyətini zəiflədir. Üçüncü hədəf, əlbəttə, cəmiyyətdaxili həmrəylikdir. Din, etnik, regional fərqlərə görə, Azərbaycanda qrupları bir-birinə qarşı xaricdən qoymağa çalışan kifayət qədər sosial media kanalları açılıbdır və bu, Azərbaycanın çoxmillətli, çoxkonfessiyalı ölkə duruşuna ciddi zərər verməyə hesablanıbdır. Azərbaycanın multikultural modeli məhz onun qarşısını almaq üçün ən gözəl sipərlərdən biridir.

İndi bizim çox mürəkkəb coğrafiyamız var. Ölkənin şimalında Rusiya–Ukrayna savaşı gedir, ölkənin cənubunda Birləşmiş Ştatlar–İsrail–İran müharibəsi və yaxın coğrafiyalarda bir sıra kiçik toqquşmalar davam eləməkdədir. O baxımdan Azərbaycanın ideoloji təhlükəsizliyi bu coğrafiya üçün xarici siyasətdən ayrılmayacaq qədər mühüm bir məsələyə çevrilibdir. Ölkə, əlbəttə, üç böyük mədəni və siyasi orbitin qovşağındadır. Şimalda Rusiya keçmiş sovet məkanını öz təsir ərazisi hesab edir və burada özünün sərbəst hərəkət imkanlarına üstünlük verir, rusdilli informasiya mühiti vasitəsilə cəmiyyətin bir hissəsini manipulyasiya eləməyə çalışır, daimi orada öz təsirini qorumaq istəyir. Cənubda İran dini kimlik üzərindən Azərbaycanda geniş bir iş aparmağa cəhd edir və Azərbaycan dilində başlatdığı o İran dini ideologiyasının təsir imkanlarını ölkəmizdə yaymağa, Azərbaycanı da təxminən Suriya, Livan, Yəmən kimi ölkələrdə yaratdığı proksilərin vəziyyətinə salmağa çalışır.

 


Unutmaq lazım deyil ki, Prezident bu reallığı açıq şəkildə dedi: böyürümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır. Ölkənin adı çəkilmir, amma artıq hər kəs üçün aydındır ki, İran dövləti tərəfindən, eləcə də digər qonşu dövlətlər tərəfindən Azərbaycan dilli kanallar vasitəsilə illərdir Azərbaycan auditoriyasına ünvanlanmış hücumlar həyata keçirilir və bunu incə təbliğatlar vasitəsilə digər məqsədləri pərdələyərək həyata keçirməyə çalışırlar. Unutmaq lazım deyil ki, 2023-cü ilin yanvarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum informasiya təxribatının səviyyəsini göstərirdi və bunun sonrakı periodda necə bir qarşıdurma mühiti yaratdığını da biz görmüş olduq. Qərb istiqamətində də təzyiq davam eləməkdədir. Şübhəsiz ki, burada əsas alətlər parlament qətnamələri, beynəlxalq təşkilatlarda həyata keçirilən kampaniyalardır və yaxud da Azərbaycan əleyhinə olan qüvvələrin maliyyələşdirdiyi fondlar vasitəsilə həyata keçirilən hücumlardır, o cümlədən unutmaq lazım deyil ki, güclü diaspora lobbisinin formalaşdırdığı media gündəmidir. Ermənistan sərhədindən o tərəfdə revanşist dairələr hələ də qalmaqdadır. Prezident hətta çıxışında bildirdi ki, biz Ermənistanın indiki hakimiyyətinin əvvəlki dönəmini də xatırlayırıq. Yəni bunları unutmaq lazım deyil və Prezidentin qurultayda dediyi bu məsələlər içərisindəki nitqi önəmli məna daşıdı ki, bəzi ölkələrdən fərqli olaraq bizə əfsanə yaratmaq lazım deyil. Azərbaycan ideologiyasının dayağı real hadisələrdir, yəni qalibiyyətdir, qələbədir; uydurulmuş tarixlə, nağıllarla ölkənin düşüncəsini pozmağa ehtiyac yoxdur.

Bəs nə üçün bu dönəmdə artıq bu məsələlər bu qədər aktual oldu? Bax, bu məsələlərin bir neçə ciddi səbəbi var və onlar, əlbəttə ki, bir-biri ilə sıx şəkildə bağlıdır:

İlk səbəb ondan ibarətdir ki, müharibədən sülhə keçid mərhələsini yaşayır cəmiyyətimiz. Müharibə dövründə cəmiyyət vahid məqsəd ətrafında birləşmişdi. Demək olar ki, xaricdən Azərbaycana edilən hücumlar heç bir nəticə vermirdi və təsirsiz qalırdı. Sülh dövründə isə artıq post-münaqişə dönəminin öz psixologiyası işə düşür və bu, başqa təsirlərin yayılmasına müəyyən qədər də şərait yaradır. Çünki ortaq düşmən obrazının zəifləməsi cəmiyyətdə başqa problemləri istər-istəməz aktuallaşdırır, cəmiyyət bir az daxili məsələlərə fokuslanır. Nəticə etibarilə xarici ideoloji mərkəzlər ölkələrə daha çox müharibədən sonrakı dönəmlərində, yəni ölkələrin həssas və zəif dönəmlərində yaxınlaşmağa çalışırlar. Azərbaycan bu mənada keçid dövrünü yaşayır və Azərbaycan bu keçid dönəmi qələbədən əldə etdiyi o enerjinin sərf olunduğu dönəmdən keçir. Bu, cəmiyyətdə həm də pasifizmin möhkəmlənməsi, emosional əhval-ruhiyyənin sabitləşməsi və bizim gələcək həyatımızı dövlət olaraq, xalq olaraq necə seçəcəyimiz mərhələsinə qədəm qoymuşuq. Bu məsələdə artıq hərbi meydanda uduzanlar ideoloji meydanda ölkəni işğal eləməyə, parçalamağa çalışırlar.


 
İkinci səbəb Azərbaycanın artan geosiyasi çəkisidir. Prezident də bir müddət əvvəl qeyd etdi ki, rəsmi şəkildə ölkəni orta güc elan etdi və bu gün Orta Dəhliz adlanan Şərq–Qərb nəqliyyat marşrutunun açarı Azərbaycanın əlindədir. Biz artıq Zəngəzur dəhlizi məsələsi ilə, sonra Avropaya enerji ixrac eləməyimiz, 2024-cü ildə Bakıda keçirilən COP29 tədbiri ölkənin bu proseslərin içərisində əsas oyunçu olduğunu meydana çıxartdı, elan etdi. Bu artıq yeni mövqedir və Azərbaycanın müstəqil siyasətindən narazı çox böyük qüvvələr var. Onlar Azərbaycanın bu müstəqil siyasətini bloklamaq və informasiya hücumu ilə zəif salmaq üçün bu intensiv hücumlara başlayıblar.

Üçüncü səbəb artıq regiondakı böyük güclərlə münasibətlərdə yaranan gərginlikdir. Uzaq tarix deyil ki, Azərbaycan Hava Yollarına məxsus olan təyyarə Rusiya ərazisində atəşə tutuldu, qəzaya uğradı, Bakı ilə Moskva arasında münasibətlər kəskinləşdi. Və bundan sonra şübhəsiz ki, Azərbaycan Rusiyanın humanitar və media fəaliyyəti ilə bağlı ciddi addımlar atdı və bunlar Azərbaycanın ideoloji özünümüdafiə sahəsində ən mühüm hesab olunan yanaşmalarından idi. İranla münasibətlərdə bilirik ki, uzunmüddətli müəyyən gərginlik var və bu mənada informasiya, xüsusən də orada Azərbaycan əleyhinə danışan qrupların ruporuna çevrilibdir.

 Dördüncü səbəb texnoloji inqilabdır. Süni intellekt elə bir səviyyəyə gəlib çatıb ki, saxta video, saxta səs yazıları ilə sosial şəbəkə alqoritmlərindən ölkənin sosial media istifadəçilərinə ötürürlər ki, onlarda qəzəb yaransın, o məzmunları aqressivləşdirirlər. Saxta hesabların paylaşımları bəzən bir neçə milyonu keçir və gün ərzində yüzlərlə saxta hesab ictimai rəy formalaşdırmağa çalışır. Əvvəllər informasiya televiziya kanalında, qəzetdə həyata keçirilirdi və kifayət qədər çox maliyyə tələb edirdi. İndi bir neçə nəfər və alqoritmlərin kodlaşması kifayətdir ki, hücumları rentabelli, dərhal həyata keçirsinlər. Prezidentin dediyi də məhz bunlarla bağlıdır: harada Azərbaycan dilində resurs yaradıblarsa, deməli, onun məqsədini dərhal bilməliyik.

Beşinci səbəb nəsil dəyişikliyidir. Yəni bu gün Azərbaycan əhalisinin böyük hissəsi 90-cı illərin xaosunu görməyibdir və işğal dövrünün ağrısını şəxsən yaşamayan gənclikdir. Onlar informasiyanın haradan əldə edildiyi və məqsədinin nə olduğu məsələlərində, demək olar ki, məlumatsızdırlar və istər-istəməz rəsmi mediaya inam məsələsində bu yanaşmaların, hekayələrin tarixindən xəbərsizdirlər. Ona görə bilmirlər ki, o düşmən hücumlarında məqsəd nədir. Axı indi Prezident ona görə deyir ki, bu nəslin tarixi yaddaşını formalaşdırmaq lazımdır. Bu tarixi yaddaşı kim formalaşdıracaq: Azərbaycan dövləti, Azərbaycan cəmiyyəti, yoxsa zorla bizim gündəmə sırınan, xarici mərkəzlərdə hazırlanan məsələlər? Bax, sual bu şəkildə qoyulur.

 


Belə bir təhdidə qarşı mübarizədə hakim partiyanın rolu nədir? Prezident cavabı aydın verdi ki, bu iş, ümumiyyətlə, fiziki təhlükəsizlik qədər önəmlidir. Yəni Yeni Azərbaycan Partiyasının üzvləri bu savaşın əvvəlində getməlidir. Bu artıq yeni bir cəbhədir və burada çox ciddi şəkildə müharibə gedir. Partiyanın üstünlüyü onun miqyasının böyük olmasındadır. Ölkənin hər şəhərində, ölkənin hər rayonunda, ölkənin hər idarəsində, strukturunda, təşkilatında, demək olar ki, partiya strukturu mövcuddur və bu partiyanın fəalları var: gənclər var, qadınlar var, ağsaqqallar var. Bu şəbəkədə müəllimlər ordusu yer alır, bu şəbəkədə həkimlər var, mühəndislər, tələbələr, sahibkarlar fəaliyyət göstərir. Onlar cəmiyyətin içərisindədirlər və onların hamısı, böyük əksəriyyəti olduqca nüfuzlu şəxslərdir. Düzgün iş qurulduqda, təşkil olunduqda onlar bir ordu kimi həmin o ideoloji cəbhənin önünü təşkil edəcəklər.

Problem isə Prezidentin göstərdiyi nöqtədədir: indi informasiya müharibəsi tamamilə başqa qaydalara keçir. Burada saatın da, hətta dəqiqənin də həlledici olduğunu görürük. Yalan xəbərlər yayılır, artıq bir neçə gün sonra təkzib verirsənsə, gecikirsən. Burada rəsmi dövlət qaydası, protokol siyasətinin yeri yoxdur. Mütləq şəkildə fərdlərin, o siyasi nümayəndələrin, toplumun real şəkildə, emosional olaraq fəaliyyət göstərdiyi bir meydan yaranıbdır.

Partiyanın yeni ideoloji işi bir neçə istiqamətdə qurulmalıdır:

Əlbəttə, partiya rəqəmsal hazırlığını yüksək səviyyədə tutmalıdır və Gənclər Birliyinin minlərlə üzvü sosial şəbəkələrdə dezinformasiya ilə bağlı maarifləndirmə işi görməlidir. Dezinformasiyanı necə tanımaq lazımdır, saxta məzmunu necə ifşa eləmək lazımdır — bunun üçün böyük təlimlər keçirilməlidir. Burada məqsəd eyni mətnin yüzlərlə hesabdan təkrarlanması olmamalıdır. Bu fəaliyyət, şübhəsiz ki, auditoriya tərəfindən trol fəaliyyəti kimi qəbul olunur. Amma bunlara ehtiyac yoxdur; fərdi qaydada Azərbaycanı müdafiə edəcək yüz minlərlə vətənpərvər şəxs var və bunu tapmaq mümkündür. Sadəcə, prosesi normal təşkil eləmək lazımdır.

  İkinci istiqamət analitik bazadır. Xarici mediada Azərbaycan haqqında yayılan yanlış iddialara sürətli və əsaslandırılmış cavab vermək lazımdır. Bunun üçün tarix, geosiyasət, beynəlxalq hüquq və informasiya təhlükəsizliyi mütəxəssislərindən ibarət mərkəzə ehtiyac var. Almaniyada hər parlament partiyasının yanında fəaliyyət göstərən siyasi fondlar var və bu, fəaliyyətin çox uğurlu modelidir. Onlar araşdırmalar aparırlar, gənc liderlər yetişdirirlər, partiyanın ideoloji mövqeyini gücləndirirlər. Belə mərkəzin məhsulları Azərbaycan dili ilə məhdudlaşdırıla bilməz; bunlar ingiliscə, rusca, fransızca, ərəbcə, farsca məzmunlar hazırlamalıdır və artıq həmin dillərə keçid etmə zamanıdır.

 Üçüncü istiqamət yerli səviyyədir. Rayon təşkilatları formal tədbirlərdən xilas olunmalıdır. Gənclərlə açıq görüşlər keçirilməlidir, azad ərazilərə səfərlər təşkil olunmalıdır, şəhid ailələri ilə birgə yaddaş layihələri həyata keçirilməlidir, məktəblərdə media savadlılığı dərsləri müəyyən dərsin tərkib hissəsi kimi tədris olunmalıdır. Finlandiya təcrübəsi dezinformasiyaya qarşı körpə uşaqları hazırlamaqla prosesə start verir. Ölkə media savadlılığını təhsil proqramına daxil edib və illərdir Avropa media savadlılığında birinci yerdədir.

Dördüncü istiqamət din və etnik həssaslıqla bağlıdır. Xarici təbliğat çox vaxt dini hisslərə toxunur, etnik məsələlərə fokuslanır. Partiya fəalları bölgələrə getməlidir, dini icmalarla iş aparmalıdırlar, müxtəlif etnik qruplarla dialoqu gücləndirməlidirlər ki, onların yad təsirlərinin qarşısını ala bilsinlər və müzakirələrlə proseslərdə ciddi uğurlar əldə eləsinlər. Azərbaycanın dünyəvi və multikultural modeli bu ideoloji siyasəti qoruyan ən güclü silahdır.

Türkiyə təcrübəsi də çox önəmlidir. Partiya ilə dövlət strukturları əlaqələndirilibdir. Ankara 2018-ci ildə Prezidentliyin Kommunikasiya İdarəsini təsis etdi, 2022-ci ildə Dezinformasiya ilə Mübarizə Mərkəzi yaratdı. Dövlət mərkəzi koordinasiyanı və sürətli təkzibləri təmin eləməlidir. Hakim partiya dərhal cəmiyyətlə canlı əlaqəyə çıxmalıdır, yerli səviyyədə mesajlar yaymalıdır. Sinqapurda hakim partiya onillərdir ki, çoxetnoslu cəmiyyətdə milli birlik ideyasını əsas siyasi dəyər kimi çatdırır, təbliğ edir və xarici təsirlərə qarşı müdafiəni vətəndaş kimliyi üzərindən qurur.

Bu sistemdə dövlətlə partiyalar arasında koordinasiya mexanizmi xüsusi əhəmiyyət daşıyır. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi məhz bu körpü rolunu oynayır. Şöbənin əsas vəzifəsi Prezident Administrasiyası, siyasi partiyalar və Milli Məclis arasında əməkdaşlığın tənzimlənməsidir. Son illər bu sahədə görülən iş yeni mərhələnin təməlini qoyub. 2022-ci il dekabrın 16-da Milli Məclis "Siyasi partiyalar haqqında" yeni qanun qəbul etdi. Qanun qeydiyyat həddini 1000 üzvdən 5000-ə qaldırdı. Rəqəmlər partiya sisteminin artıq dəyişməyə başladığını göstərdi. 2022-ci ildə ölkədə 59 partiya var idi. Qanun qüvvəyə mindikdən sonra 33 partiya fəaliyyətini dayandırdı və 26 partiya qeydiyyatdan keçdi. Say daha az olsa da, real üzvlüyə əsaslanan partiyalardır və bunlar sistemli dialoq qurma imkanına rəvac verdi. Şöbə bu yeni mühitdə partiyalarla müntəzəm iş həyata keçirir.

2024-cü ilin mayında siyasi partiyalar və dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması məqsədilə Milli Məclis aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının və digər qurumların iştirakı ilə partiyalarla geniş görüş təşkil olundu. Görüşdə partiyaların cəmiyyətdə artan rolu ölkədə formalaşmaqda olan yeni siyasi konfiqurasiyanın əsas elementlərindən biri kimi qiymətləndirildi. Partiyalarla keçirilən fərdi görüşlərdə milli dialoqun, fundamental dəyərlərə həmrəyliyin təmin olunmasında siyasi partiyaların rolu xüsusi vurğulandı və bu xətt həmin o qurultayın nitqi ilə tam şəkildə üst-üstə düşür.

 


Qurultaydan sonra şöbənin qarşısında yeni vəzifələr dayanır. İdeoloji təhlükəsizlik mövzusunda partiyalararası konsensusun yaradılması bu vəzifələrin başında gəlir. Xarici müdaxiləyə qarşı mübarizə yalnız hakim partiyanın işi kimi qaldıqda cəmiyyətin bir hissəsi onu daxili siyasi proseslərin aləti kimi qəbul edir. Parlamentdə təmsil olunan bütün partiyaların ortaq mövqe sərgiləməsi bu məsələyə milli legitimlik verir. Milli Məclisdə informasiya təhlükəsizliyi, xarici maliyyələşmənin şəffaflığı, rəqəmsal mühitdə dezinformasiyaya qarşı mübarizə ilə bağlı qanunverici təşəbbüslər də şöbənin koordinasiya sahəsinə aiddir.

Bəli, VII Qurultay nitqi Yeni Azərbaycan Partiyasının qarşısında tarixi vəzifə yaradıb. 30 ildən artıqdır iqtidarda olan partiya artıq indi ideoloji təhlükəsizlik institutu kimi çıxış etməyə başlayır. 1988-ci ildə Azərbaycan ideoloji cəbhədə hazırlıqsız yaxalandı. 2020-ci ildə ölkə hərbi meydanda tarixi qələbə qazandı. İndi növbə üçüncü mərhələdədir. Bu qələbə artıq şüurlarda, informasiya məkanında, gələcək nəsillərin yaddaşında özünü göstərməlidir, qorumalıdır. Partiyanın fəallar ordusu formal tədbirlərdən çıxmalı, canlı ünsiyyətə keçməlidir. Şablondan faktla işləyən analitikaya keçid Azərbaycanın ideoloji sərhədlərini çox güclü müdafiə əsasında quracaq və dövlət sərhədləri qədər bu sahə kifayət qədər möhkəm olacaq.


Əziz Əlibəyli

beynəlxalq məsələlər üzrə ekspert
XƏBƏR LENTİ
05 OKTYABR 2026
Bütün Xəbərlər