Britaniya veteranları yenidən müharibəyə hazırlaşmağa çağırır
Böyük Britaniya Müdafiə Nazirliyi Soyuq Müharibədən bəri ilk dəfə olaraq ehtiyatda olan veteranları hərbi təlimlərə hazırlaşmağa çağırıb.
TodayPress TV xəbər verir ki, “Telegraph” qəzetinin məlumatına görə, təxminən 100 min strateji ehtiyatda olan hərbçiyə məktub göndərilib.
Onlara NATO-nun gələn yaz keçiriləcək “Steadfast Defender” təlimi də daxil olmaqla, hərbi təlimlərdə könüllü iştirak etmək təklif olunub.
Məktublar yaxın vaxtlarda ordudan tərxis edilmiş və zəruri hallarda yenidən xidmətə çağırıla biləcək şəxslərə ünvanlanıb. Veteranlardan əlaqə məlumatlarını yeniləmək, hazırkı iş yerləri və peşə bacarıqları barədə məlumat vermək istənilib.
Britaniya Müdafiə Nazirliyi bu addımı ölkənin müdafiə hazırlığının və çəkindirmə imkanlarının gücləndirilməsi kimi qiymətləndirib.
Bununla yanaşı, “Politico” nəşrinin məlumatına görə, Avropa İttifaqı mülki əhali arasında ciddi itkilərə səbəb ola biləcək genişmiqyaslı hibrid hücumlara qarşı gizli fəaliyyət planı hazırlayır.
Türkan İsgəndərli