Kosmosda görünməz TƏHLÜKƏ: Atom boyda qara dəlik nəhəng ulduzu daxildən udur
Kiçik ilkin qara dəlik ulduzun daxilinə düşərsə, onu bütövlükdə uda və ya güclü partlayışa səbəb ola bilər.
TodayPress TV xəbər verir ki, bu qənaətə Günəşə bənzər ulduzlarla belə obyektlərin qarşılıqlı təsirini modelləşdirən Massaçusets Texnologiya İnstitutunun astrofizikləri gəliblər.
İlkin qara dəliklər Böyük Partlayışdan sonrakı ilk anlarda maddənin sıxlığındakı dalğalanmalar nəticəsində yarana biləcəyi ehtimal edilən hipotetik obyektlərdir. Onların ölçüləri atomla müqayisə edilə bilər, kütlələri isə asteroidin, hətta Ayın kütləsinə çata bilər. Alimlər bu obyektlərin qaranlıq maddənin bir hissəsini təşkil edə biləcəyini ehtimal edirlər, lakin onların mövcudluğu hələ təsdiqlənməyib.
Tədqiqatçılar ilkin qara dəliyin ulduzun daxilində olması halında nələrin baş verəcəyini modelləşdiriblər. Hesablamalara görə, qara dəlik ətrafındakı qazı udaraq tədricən ulduzun mərkəzinə doğru hərəkət edəcək. Sonrakı proseslər isə ulduzun fırlanma sürətindən asılı olacaq.
Ulduz yavaş fırlanırsa, qara dəlik onun maddəsini udmağa davam edəcək və nəticədə ulduzu tamamilə məhv edəcək. Bu proses bir neçə milyon il davam edə bilər.
Aysel Mətləb