Pakistan müharibəyə girdi: Husilərlə savaş...

Pakistan müharibəyə girdi: Husilərlə savaş...
09.10.2026 10:14 Təhlil

Pakistanın Husilərə qarşı hava hücumlarında iştirakı Yəməndəki müharibənin miqyasını genişləndirə bilər.

The New York Times qəzetinə danışan Pakistanın yüksək vəzifəli hərbi rəsmisi ölkə qırıcılarının Yəməndə Husilərə qarşı hücumlarda iştirak etdiyini təsdiqləyib. Digər Pakistan rəsmisi isə İslamabadın quru əməliyyatlarına qoşulmaq niyyətində olmadığını, əsas diqqətin Husilərin raket və pilotsuz uçuş aparatlarından qaynaqlanan təhlükələrin qarşısını almağa yönəldiyini bildirib.

Pakistanın münaqişəyə qoşulması Səudiyyə Ərəbistanının Husilərə qarşı hərbi əməliyyatları gücləndirdiyi vaxtda baş verdi.  İranın dəstəklədiyi Husi hərəkatı ilə mübarizədə Ər-Riyadın Pakistanın hərbi imkanlarından yararlanması qarşıdurmanın gedişinə təsir edəcək. 

İslamabad bu vaxta kimi  əsasən Səudiyyə Ərəbistanının təhlükəsizliyinə dəstək verməklə kifayətlənirdi. İndi Pakistan qırıcılarının döyüş əməliyyatlarında iştirakı  ölkənin münaqişədəki rolunu dəyişir. Bu addım həm də İslamabadın üzərinə əlavə risklər yükləyir.  Husilərin cavab hücumları Pakistanın hərbi qüvvələri üçün təhlükə yarada, həmçinin İranla münasibətlərdə də gərginlik yarada bilər.

Pakistanın hava əməliyyatlarında iştirakı Husilərin raket və dron imkanlarına təzyiqi artıra bilər. Ancaq bunun müharibənin nəticəsini dəyişib-dəyişməyəcəyi hələ məlum deyil. Husilərin cavab imkanları və əməliyyatların nə qədər davam edəcəyi əsas sualdır. 

İslamabadın iştirakı genişlənərsə,  münaqişə iki tərəf  arasındakı qarşıdurmadan daha geniş regional müharibəyə çevrilə bilər. Pakistan üçün əsas məsələ Ər-Riyada hərbi dəstək verməklə müharibənin daha dərin iştirakçısına çevrilmək arasındakı sərhədi qorumaq olacaq.

XƏBƏR LENTİ
09 OKTYABR 2026
Bütün Xəbərlər