Aİ-də büdcə savaşı başladı: Fransa, Almaniya və digər ölkələr üz-üzə gəldi
Avropa İttifaqında 2028-2034-cü illəri əhatə edəcək yeni büdcə ilə bağlı ciddi fikir ayrılıqları yaranıb. Xərclər, yeni vergilər və Ukraynaya ayrılacaq maliyyə vəsaiti əsas mübahisə mövzusuna çevrilib.
TodayPress TV xəbər verir ki, bu barədə “Politico” avropalı diplomatlara istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Aİ ölkələri büdcə layihəsini hələ ətraflı müzakirə etməsələr də, artıq bir-birinə qarşı sərt mövqe nümayiş etdirirlər. Diplomatlardan biri qarşıdan gələn danışıqları şərh edərkən “İndi biz həqiqətən mübarizə aparmağa başlayırıq” deyib.
Mübahisələrin əsas səbəblərindən biri Fransa ilə digər üzv dövlətlər arasında büdcə xərcləri ilə bağlı fikir ayrılığıdır. Avropa Şurasının prezidenti Antonio Kostanın yeni təklifinin Fransanın maraqlarına uyğun olduğu bildirilsə də, Paris layihəni “dərin məyusedici” adlandırıb.
Digər narazılıq isə "Google" və "Meta" kimi böyük texnologiya şirkətlərinə ümumavropa rəqəmsal vergisinin tətbiqi ilə bağlıdır. İrlandiya və İsveç bu təşəbbüsə qarşı çıxaraq yeni vergilərin büdcə problemlərini həll etməyəcəyini bildiriblər.
Ukraynaya maliyyə yardımı da müzakirələrin əsas mövzularından biridir. Yeni təklifdə Kiyev üçün 100 milyard avronun saxlanılması nəzərdə tutulsa da, kreditlər üzrə faizlərin necə ödəniləcəyi hələ müəyyənləşməyib.
Almaniya kansleri Fridrix Merts isə büdcə təklifini razılığa doğru “ilk addım” kimi qiymətləndirib.
Qeyd edək ki, Antonio Kosta 2028-2034-cü illər üçün Aİ büdcəsinin yeni layihəsini təqdim edib. Sənəddə Avropa Komissiyasının ilkin təklifi ilə müqayisədə xərclərin 204 milyard avro, yəni 10 faiz azaldılması nəzərdə tutulur.
Noyabrın 23-də Aİ üzv dövlətlərinin daimi nümayəndələri layihənin ətraflı müzakirəsinə başlayacaq. Noyabrın 26-da isə məsələ xüsusi sammitdə Avropa liderlərinin müzakirəsinə çıxarılacaq.
Türkan İsgəndərli