Mahmud Abbas Türkiyənin Fələstin davasını yerin dibinə soxdu
Türkiyə hakimiyyətinin ərəb sevdası dövlətin milli maraqları ilə bəzən üst-üstə düşmür. Xüsusilə də son zamanlar Azərbaycan üzərindən tirajlanan məsələlər Türkiyənin gələcəyi baxımından kifayət qədər ciddi suallar doğurur.
Bu arada qeyd etmək yerinə düşər ki, Türkiyənin Cümhuriyyət Günü ərəfəsində hakimiyyətin tribunalardan hər zaman uca səslə gündəmə gətirdiyi ərəb məsələsi – Qüds və Qəzza mövzusu – onun özünə də çox ciddi dərs oldu. Türkiyədə Cümhuriyyət Günü və Zəfər Günü münasibətilə dövlət bayramının qeyd olunduğu bir vaxtda Fələstin rəhbəri Mahmud Abbas Kiprə səfər etdi.
Söhbət o Kiprdən gedir ki, Türkiyənin və Şimali Kipr Türk Cümhuriyyətinin tarixində hər zaman düşmən mövqedə dayanıb. 1974-cü il Kipr Sülh Hərəkatından sonra ada faktiki olaraq ikiyə bölündü. Dünyanın bir çox dövləti isə Türkiyəni bir növ aldadaraq Cənubi Kiprin – yəni Yunan Kiprinin müstəqilliyini beynəlxalq səviyyədə tanıdı. Türk Kiprinin müstəqilliyini isə qəbul etmədilər və ona "separatçı" damğası vurmağa çalışdılar. Bax, belə həssas bir məqamda Mahmud Abbas Fələstin-ərəb sevgisi ilə alışıb-yanan türk hakimiyyətinin yanında olmaqdansa, onun tarixi rəqibi və düşməni sayılan yunanların cəbhəsinə keçməyi, oradan bəyanatlar verməyi üstün tutdu.
Mahmud Abbas məsələsinə keçməzdən əvvəl Türkiyə–Fələstin münasibətlərinin tarixinə bir qədər aydınlıq gətirmək lazımdır. Ən azından ona görə ki, Türkiyə 400 ildən artıq bir dövrdə – Osmanlı imperiyası tərkibində Fələstini idarə edib. Bu dörd əsr ərzində Osmanlı bölgənin idarəçiliyinə, mədəniyyətinə, təhlükəsizliyinə, inkişafına və infrastrukturuna böyük töhfələr verib. Bölgə bəlkə də bütün tarixi boyu ən uzunmüddətli sülh dövrünü məhz həmin dönəmdə yaşayıb. Çünki Osmanlıdan əvvəl də, Osmanlıdan sonra da bu torpaqlar dinclik üzü görməyib.
Unutmaq olmaz ki, məhz Osmanlı dönəmində səlib yürüşlərinə son qoyuldu, məzhəb qarşıdurmaları dayandırıldı. Üç səmavi din – İslam, xristianlıq və yəhudilik arasında balans qorundu. Sultanların fərmanları hətta Müqəddəs Qəbir kilsəsi uğrunda mübarizə aparan xristian məzhəbləri arasındakı çəkişmələri belə nizamlayırdı.
Fələstində, Qüdsdə, Yafada, Əkkada, Qəzzada yüzlərlə bənzərsiz abidə ucaldıldı. Sultan Süleyman Qüdsün qədim qala divarlarını yenidən inşa etdirdi. Hicaz dəmir yolu çəkildi, Yafadan Qüdsə polad relslər uzadıldı, çoxlu sayda su kəmərləri quruldu və beynəlxalq dəniz ticarət yolları inkişaf etdirildi. Fələstinin zeytun yağı, sabunu, sitrus meyvələri Osmanlı coğrafiyası vasitəsilə Avropa bazarlarına çıxarıldı. Bütün bunlar iki tərəfin necə qaynayıb-qarışdığının göstəricisi idi.
Bəs həmin proseslərin məntiqi sonu necə oldu? Bu sualın cavabı kifayət qədər ağır və acı həqiqətlərdən xəbər verir. Türkiyənin bugünkü ərəb sevgisini anlamaq üçün ilk növbədə tarixdə ərəblərin türklərə qarşı etdiyi xəyanətlərə nəzər salmaq lazımdır:

Məkkə əmiri Şərif Hüseyn və oğulları Feysəllə Abdullah İngiltərənin Qahirədəki ali komissarı Henri MakMahonla türklərin əleyhinə gizli sövdələşməyə girdilər. Bu xəyanətin müqabilində ingilislər Osmanlıya qarşı qiyam qaldıracaqları təqdirdə onlara müstəqil krallıq vəd edirdilər.
Nəticədə Şərif Hüseyn Osmanlıya qarşı üsyan başlatdı. Üsyançılar Məkkədə yerləşən kiçik türk qarnizonuna hücum etdilər. Osmanlı ordu birləşməsini orada ona görə az saxlamışdı ki, onların İslam ümmətinə mənsubluğuna və qardaşlığına saf ürəklə inanırdı. Lakin həmin "ərəb qardaşları" qarnizondakı türk əsgərlərinin hamısını qətlə yetirərək şəhid etdilər, Məkkə və Ciddəni ələ keçirdilər. Mədinədə isə Fəxrəddin Paşa iki ildən çox aclıq və məhrumiyyət şəraitində şəhəri qoruyub Osmanlı üçün xilas etməyə çalışdı.
Eyni zamanda Fələstin və Suriya cəbhələrində Hicaz dəmir yolunu partlatdılar. "Ərəbistanlı Lourens" kimi tanınan Tomas Edvard Lourensin ətrafına toplaşan bədəvi ərəblər qızıl və silah müqabilində satılaraq partizan dəstələri qurdular. Onlar cəbhədən qayıdan Osmanlı qatarlarına hücum edir, relsləri partladır, teleqraf xətlərini kəsirdilər. Yaralı əsgərləri daşıyan qatarlara basqınlar təşkil edir, həlak olanların meyitlərini səhralara ataraq təhqir edirdilər. Cəbhəyə hərbi sursat və ərzaq daşınmasının qarşısını kəsirdilər.
Fələstində daha dəhşətli hadisələr cərəyan edirdi. Yerli bədəvilər Britaniya ordusuna xidmət adı ilə Osmanlı qoşunlarının su quyularını zəhərləyir, türk əsgərlərinin yerləşmə məntəqələrini düşmənə ötürürdülər. Qəzza–Beerşəba xəttinin yarılmasında məhz onların ötürdüyü kəşfiyyat məlumatları həlledici rol oynadı. Bütün bunlar Osmanlı ordusunun, o cümlədən 7-ci və 8-ci orduların Nablus döyüşündə ağır məğlubiyyətə uğramasını şərtləndirdi.
Arxasında bu cür acı tarixi miras qoymuş bir Fələstinə görə Türkiyə hakimiyyətinin indiki siyasətini anlamaq mümkün deyil. Məhz 29–30 oktyabr tarixində Fələstin prezidenti Mahmud Abbas Cənubi Kiprə rəsmi səfər etdi. Bu səfərin tarixi heç də təsadüfi seçilməmişdi. Bu addım Türkiyəyə qarşı açıq-aşkar diplomatik və siyasi həmlə olmaqla yanaşı, yunan rəhbərliyinin əlinə güclü təbliğat arqumenti verdi. Mahmud Abbas yunan rəhbərliyini qardaşcasına qucaqladı, onlara təşəkkür etdi, Fələstin davasına və göstərilən humanitar yardımlara görə minnətdarlığını bildirdi.
Bütün varlığı ilə Fələstin məsələsinə sahib çıxan Türkiyədə isə bu mənzərə tam fərqli qarşılanmalı idi. Bəs reallıqda nə baş verdi? Türkiyənin ən yüksək səviyyədə cavab verməsi gözlənildiyi halda, reaksiya yalnız Şimali Kiprin Xarici İşlər Nazirliyi səviyyəsində verildi. Halbuki gözlənti tamamilə başqa idi.
Vəziyyət bax belədir.
İsmayıl Şahlı