Prezident Dövlət Agentliyinin Əsasnaməsini və strukturunu təsdiqlədi
Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin Əsasnaməsi və strukturu təsdiqlənib, qurumun tabeliyində "Dövlət Ehtiyatlarının Saxlanılması Mərkəzi" büdcə təşkilatı yaradılıb.
TodayPress TV xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.
Fərmana əsasən, Agentliyin Aparatının işçilərinin say həddi 66, regional bölmələrinin say həddi 9, yeni yaradılan Mərkəzin işçilərinin say həddi isə 200 ştat vahidi müəyyən olunub. Dövlət Ehtiyatlarının Saxlanılması Mərkəzi Agentlik tərəfindən yaradılan dövlət ehtiyatlarının saxlanılmasını həyata keçirəcək.
Nazirlər Kabineti iki ay müddətində Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını, Kollegiya üzvlərinin sayını və tərkibini, eləcə də Mərkəzin işçilərinin əməkhaqqı sistemini müəyyən edib dövlət başçısına məlumat təqdim etməlidir. Eyni zamanda dövlət ehtiyatlarının saxlanılması və Mərkəzin fəaliyyəti üçün zəruri aktivlərin Agentliyin balansından Mərkəzin balansına verilməsi təmin ediləcək.
Agentlik Mərkəzin əsasnaməsini və strukturunu bir ay müddətində təsdiqləyib Prezidentə məlumat verməlidir. Maliyyə Nazirliyi isə qurumların fəaliyyəti üçün tələb olunan vəsaiti hər il dövlət büdcəsində nəzərdə tutmalı, Mərkəzin 2026-cı ildə maliyyələşdirilməsini təmin etməli və onun əməkhaqqı sisteminin maliyyə ekspertizasını apararaq optimallaşdırma tədbirləri görməlidir.