Nazirdən ABŞ-yə ismarıc: 907-ci düzəliş nə vaxt ləğv olunacaq? "Vəd var, əməl yox"
Təhlil
26.12.2025 17:45
"Bizim gözləntimiz “Azadlığın Müdafiə Aktı”na 907-ci düzəlişin tam ləğv edilməsidir”. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib. Nazir bildirib ki, bunun üçün münbit şərait var.

Maraqlıdır, yaxın zamanda düzəlişin tam ləğvi gözlənilirmi?
Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Abutalıb Səmədov bildirib ki, 907-ci düzəliş qəbul olunsa da, ABŞ illərdir onu ləğv etməyib:

"Azadlığın Müdafiəsi Aktına 907-ci düzəliş 1992-ci ilin sonunda qəbul olunub. Ondan sonrakı dövrdə dəfələrlə Amerika Birləşmiş Ştatlarının administrasiyası ulu öndər Heydər Əliyevə bu düzəlişin ləğv olunacağına dair söz verib, lakin vədlər icra edilməyib".
Onun sözlərinə görə, hətta 1996-cı ilin dekabrında Lissabonda keçirilən sammitdə Heydər Əliyev ABŞ-nin vitse-prezidenti Albert Qora qarşı bu məsələ ilə bağlı etirazını qəti şəkildə bildirib. Neçə illərdir verilən vədlərə baxmayaraq, 907-ci düzəliş hələ də ləğv olunmayıb.

Analitik qeyd edib ki, 907-ci düzəlişin ləğvi 2026-cı ilin sonuna qədər mümkündür, sonra çətinləşəcək:
"Tramp administrasiyası aktiv şəkildə əvvəlki siyasəti dəyişməyə çalışır və Azərbaycana münasibətdə də dəyişikliklər müşahidə olunur. Bu baxımdan, 2026-cı ilin sonlarına qədər 907-ci düzəlişin ləğv olunmasına ümid var. Əgər ləğv edilməsə, ondan sonrakı dövrdə bunun həyata keçirilməsi çətinləşəcək, çünki ilin sonunda Nümayəndələr Palatası tamamilə yenidən seçiləcək və Senatın üçdə biri dəyişəcək".

O, vurğulayıb ki, Trampın nüfuzu azalır, Nümayəndələr Palatası və Senatda demokratların üstünlük qazanma ehtimalı artır. Bu halda Trampın istədiyi qərarları reallaşdırması çətinləşəcək.
Abutalıb Səmədov sonda əlavə edib ki, 2026-cı il seçkilərinə qədər 907-ci düzəlişin ləğvi üçün addımlar atılacağı ümid edilir:
"Buna görə də ümid edirik ki, gələn ilin sonunda ABŞ-da keçiriləcək seçkilərə qədər Tramp administrasiyası 907-ci düzəlişi ləğv etmək üçün zəruri addımları atacaq və uzunmüddətli mübarizədən sonra Azərbaycan məqsədinə nail olacaq".
Jalə Rövşən
