Lisandro Martines "Mançester Yunayted" rəhbərliyindən üzr istədi
İngiltərənin "Mançester Yunayted" klubunun argentinalı müdafiəçisi Lisandro Martines rəhbərliklə görüşərək səsləndirdiyi fikirlərə görə üzr istəyib.
TodayPress TV xəbər verir ki, futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
"Qırmızı şeytanlar" UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda İspaniyanın "Atletiko" klubuna 0:2 hesabı ilə məğlub olub. Qarşılaşmadan sonra Martines komandada kifayət qədər güclü futbolçunun olmamasına görə klub rəhbərliyini və idman direktorunu tənqid edib.
Argentinalı müdafiəçi rəhbərlik və baş məşqçi ilə görüşünün müsbət keçdiyini bildirib:
"Bu gün klub rəhbərliyi və baş məşqçi ilə görüşdüm. Çox müsbət söhbətimiz oldu, fikir mübadiləsi apardıq və çərşənbə axşamı keçirilən oyundan sonra baş verənləri açıq şəkildə müzakirə etdik.
Hamı bilir ki, mən emosional insanam və futbolla yaşayıram. Məğlubiyyətin yaratdığı məyusluq hissini, bəlkə də, uyğun olmayan vaxtda və yerdə ifadə etməyimə səbəb oldu. Buna görə üzr istəyirəm. Kollektivimiz birlikdə hərəkət etdikdə daha yaxşı nəticələr göstərir. Həmin an səsləndirdiyim fikirlərin bu birliyə töhfə vermədiyini qəbul edirəm".
Qeyd edək ki, Lisandro Martines 2022-ci ildən İngiltərə Premyer Liqası təmsilçisinin formasını geyinir.