Rus ordusu “Ayı tələsi”nə düşdü: 200 kvadratkilometr geri alındı
Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində keçirdiyi məxfi “Ayı tələsi” əməliyyatı nəticəsində 14 yaşayış məntəqəsini və təxminən 200 kvadratkilometr ərazini azad edib.
TodayPress TV xəbər verir ki, bu barədə “BBC News Ukraine” əməliyyatın təfərrüatlarını açıqlayıb.
Məlumata görə, iyunun sonunda Rusiya qüvvələri sərhədi yararaq Xarkov vilayətinin 12-20 kilometr dərinliyinə qədər irəliləyib. Rusiya ordusunun məqsədi Ukrayna Silahlı Qüvvələrinin böyük bir qruplaşmasını mühasirəyə almaq və onların təchizat yollarını kəsmək olub.
Sentyabr ayında Ukrayna ordusu buna mane olmaq üçün məxfi əks-hücum əməliyyatına başlayıb. Birbaşa hücumlar əvəzinə, Rusiya qüvvələrinin cinahlarından irəliləmək taktikası seçilib. Əvvəlcə T-80 və Abrams tankları Vilxovatka istiqamətindəki mövqelərə hücum edib. Bu, Rusiya komandanlığını həmin əraziyə ehtiyat qüvvələr göndərməyə məcbur edib. Daha sonra Ukrayna dronları əraziyə gətirilən qüvvələrə zərbələr endirib.
Ehtiyat qüvvələr məhv edildikdən sonra Ukrayna hərbçiləri şimal və cənub istiqamətlərindən hücuma keçiblər. Bölmələrdən birinin komandirinin sözlərinə görə, üç həftəlik döyüşlərdən sonra, oktyabrın 10-da Rusiya qüvvələrinin irəliləmiş mövqeləri mühasirəyə alınıb. Eyni zamanda, pilotsuz uçuş aparatları Rusiyadan əlavə qüvvələrin gətirilməsinin qarşısını almaq üçün 30 kilometr dərinliyə qədər təchizat yollarını minalayıb.
Ukrayna komandanlığının məlumatına əsasən, əməliyyat nəticəsində 14 yaşayış məntəqəsi və təxminən 200 kvadratkilometr ərazi azad edilib. Rusiya tərəfinin 800-ə yaxın hərbçisinin və 400-ə yaxın texnikasının itirildiyi iddia olunur.
BBC isə müharibə şəraitində bu rəqəmləri müstəqil şəkildə təsdiqləməyin mümkün olmadığını vurğulayıb.
Kübra Musayeva