Mbappe qalmaqalı böyüdü: La Liqa da üzrxahlıq etdi
İspaniya La Liqasının prezidenti Xavyer Tebas “Real Madrid”in hücumçusu Kilian Mbappenin Çində narazılıq doğuran açıqlamaları ilə bağlı təşkilat adından rəsmi üzrxahlıq edib.
TodayPress TV xəbər verir ki, Tebas bununla bağlı “X” sosial şəbəkəsində bəyanat yayımlayıb.
“La Liqa adından Kilian Mbappenin Çində narazılıq və inciklik yaradan açıqlamalarına görə dərin təəssüf hissi keçirdiyimizi bildiririk. Yaranmış zərərin fərqindəyik və Çin xalqından səmimi qəlbdən üzr istəyirik.
Uzun illərdir Çinlə - ölkənin hakimiyyət orqanları, idman təşkilatları, televiziya yayımçıları və İspaniya futbolunun milyonlarla azarkeşi ilə - hörmət, etimad və əməkdaşlığa əsaslanan münasibətlər qurmuşuq.
Ayrı-ayrı bir hadisənin bu münasibətlərə kölgə salmasına, peşəkar yarışlarımızda çıxış edən 20-dən çox kluba və milyonlarla çinli azarkeşə zərər vurmasına yol verə bilmərik. Mövcud vəziyyəti aradan qaldırmaq üçün mümkün olan bütün tədbirləri görür, Çindəki tərəfdaşlarımız və nümayəndələrimizlə birbaşa əməkdaşlıq edirik.
Çinə, onun xalqına və qurumlarına sadiqliyimiz dəyişməz olaraq qalır. İllər ərzində qurulan münasibətlər ayrı-ayrı bir hadisəyə görə zərər görməməlidir”, – deyə Tebas bildirib.
Qeyd edək ki, qalmaqal Kilian Mbappenin müsahibə zamanı üzünün montaj edildiyi memi “gülməli” adlandırması və görüntüdəki şəxsi “deyəsən, çinli diktator olan hansısa oğlan” kimi təsvir etməsindən sonra yaranıb. Futbolçunun Mao Tszedunu nəzərdə tutduğu ehtimal edilir.
Namiq HUN