Hindistanda güclü siklon təhlükəsi: Yüz min sakin təxliyə olunur
Hindistan hakimiyyəti güclü tropik siklonun yaxınlaşması ilə əlaqədar ölkənin şərq sahillərində genişmiqyaslı təxliyə tədbirləri həyata keçirir.
TodayPress TV xəbər verir ki, "Reuters" agentliyinin məlumatına görə, indiyədək təxminən 89 min sakinin təxliyəsi nəzərdə tutulub.
Dağıdıcı külək və güclü yağış təhlükəsi səbəbindən ölkənin bəzi dəmir yolu marşrutlarında hərəkət məhdudlaşdırılıb. Eyni zamanda, 30 mindən çox balıqçı qayığının limanlara qayıtdığı bildirilir. Hindistanın yeddi rayonu üzrə qırmızı xəbərdarlıq elan edilib.
Hindistan Meteorologiya Departamentinin məlumatına görə, Benqal körfəzində formalaşan siklon oktyabrın 26-da güclənib. Sinoptiklər onun oktyabrın 28-də Andhra Pradeş ştatının sahillərinə çatacağını proqnozlaşdırırlar.
Güclü külək və leysan yağışlarının Andhra Pradeşlə yanaşı, qonşu Odişa ştatına da təsir edəcəyi gözlənilir. Odişada sakinlərin təhlükəsizliyi üçün 1700-dən çox sığınacaq hazırlanıb.
Proqnozlara əsasən, siklon sahilə çatmazdan əvvəl küləyin sürəti saatda 185 kilometrə çata bilər.
Türkan İsgəndərli