İstanbulda leysan: nəqliyyatın hərəkəti iflic oldu

İstanbulda leysan: nəqliyyatın hərəkəti iflic oldu
27.10.2026 17:13 Dünya

Türkiyənin İstanbul şəhərində gecə saatlarında başlayan və səhər saatlarında şiddətlənən güclü yağış şəhərdə yenidən daşqınlara səbəb olub.

TodayPress TV  xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, Pendik və Tuzla bölgələrində yeraltı keçidlər su altında qalıb. Şəhərdə nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdəki 41 nəfər təxliyə edilib.

Türkiyə Meteorologiya Baş İdarəsi ölkə daxilində güclü yağışlar barədə xəbərdarlıq edib.

“Mərmərə bölgəsində (Sakarya və Bilecik istisna olmaqla), Cənub-Şərqi Anadoluda (Batman və Siirt istisna olmaqla), Antalya, Osmaniye və Tuncelidə, eləcə də Aydın və Hatayın sahil ərazilərində və İzmir və Adananın şimal hissələrində çox güclü yağışlar yağacaq.

Muğla bölgəsində şiddətli və həddindən artıq güclü yağış gözlənilir. Buna görə də, qəfil daşqınlar, torpaq sürüşmələri, nəqliyyatda fasilələr, ildırım, dolu və güclü küləklər kimi potensial hadisələrə qarşı ehtiyatlı və qabaqlayıcı tədbirlər görülməlidir”, - xəbərdarlıqda bildirilib.

Qeyd edək ki, oktyabrın ikinci ongünlüyündə də yağan yağışlar nəticəsində İstanbulda daşqınlar baş vermiş və 10 nəfər həlak olmuşdu.

TodayPress TV 

XƏBƏR LENTİ
27 OKTYABR 2026
Bütün Xəbərlər