Tehranın Bakıya yolu Təbrizdən keçir
Sualı düzünə qoyaq: İranın öz içindəki problemlər qurtarıbmı ki, Azərbaycandan əl çəksin? Qurtarmayıb. Məhz buna görə əl çəkmir. Məsələnin bütün açarı da elə buradadır, qalanı bu açardan asılı olan qapılardır.

Hər 3 iranlıdan biri azərbaycanlıdır
İranda yaşayan azərbaycanlıların sayını düşünün. Tehranın özünün etiraf etdiyi rəsmi rəqəm 20 milyondur. Müstəqil demoqrafik tədqiqatlar isə bu rəqəmi 30–35 milyona çıxarır. Urmiya gölünün sahilindəki kəndlər, Ərdəbilin dar küçələri, Təbrizin bazarları, bunların hamısı İranın inzibati xəritəsindədir, amma mədəni yaddaşı Arazın bu tayına baxır. İndi Tehranın yerinə keçək. Belə bir ölkəni idarə etməyə çalışırsan. Şimalda Azərbaycan var - dünyəvi, müstəqil, hər il güclənən, 2020-ci ildə 44 gündə qalib gəlmiş, İsraillə, Türkiyə ilə açıq tərəfdaşlıq quran bir dövlət. Bu dövlətin hər uğuru o 35 milyona bir sual ötürür: “Bəs biz niyə belə yaşaya bilmərik?” Bu sualın cavabı yoxdursa, ölkə siyasi problemin lap ortasındadır. İranın Azərbaycanla dərdi ideoloji kimi yozulur, lakin qətiyyən o deyil, mövcudluq məsələsidir.

Eyni coğrafiyada iki uyğunsuz model var. birinin güclənməsi digərinin ideoloji bazasını sarsıdır.
Bu iki model eyni coğrafiyada yan-yana duruş gətirmir, biri gücləndikcə, digəri mütləq zəifləyir. Azərbaycanın hər uğuru İranın ideoloji bazasına bir çat açır. Ona görə Tehranın gözündə Bakının atdığı hər addım - iqtisadi olsun, hərbi olsun, diplomatik olsun bir təhdid siqnalına çevrilir. İndi üç şeyə baxaq: bu üç şey üst-üstə gəldi və İranın reaksiyasını kəskinləşdirdi. Birincisi Zəngəzur məsələsidir. İran indiyə qədər Ermənistan ərazisi üzərindən Avropaya çıxış marşrutu saxlayırdı. Bakı–Naxçıvan–Ankara xətti reallaşsa, bu marşrut mənasını itirir.

İkincisi İsrail məsələsidir. İranın rəsmi ritorikasında “Azərbaycan İsrailə baza verib” ittihamı dönə-dönə təkrarlanır. Gerçəklik daha sadədir: Azərbaycan öz hərbi maraqları çərçivəsində İsraildən silah alır, texnoloji əməkdaşlıq qurur. Amma Tehran bunu bəhanə kimi istifadə edir - çünki evdəki narazılığı artıq başqa bir şeylə örtmək mümkün deyil. 2022-ci ilin sonunda hicab etirazları zamanı küçəyə çıxan insanların sayı milyonları keçdi. Evin içi alovlananda “sionist təhlükəsi” nağılı çox işə yarayır. Üçüncüsü isə 44 günün qurtarmayan kölgəsidir.

Nəticə
Azərbaycan qalib gəldi
2020-ci ilin payızında İran, qeyri-rəsmi olaraq, Ermənistanın arxasında dayandı. Azərbaycan qalib gəldi. Tehran bu nəticəni hazm edə bilmədi. O gündən bəri Arazın cənubunda keçirilən hərbi təlimlər, Bakıya qarşı kəskin açıqlamalar verildi, bunların hamısı həzm edilməmiş bir məğlubiyyətin simptomlarıdır. İran Azərbaycandan əl çəkməyəcək. Çünki əl çəksə, içindəki Azərbaycan sualıyla üz-üzə qalmalı olacaq. Təbriz küçəsindəki adam Bakı ekranlarını izləyir. Öz həyatına baxıb müqayisə edir. Bu müqayisənin siyasi yükü dağ qədər ağırdır. Tehran bunu bilir. Ona görə Bakıya sataşmaq, bu sualın üstünü örtməyin ən ucuz yoludur.

Hər 4 iranlıdan 1-i yoxsulluq həddinin altında
Amma İranın əlindən gələcək bir şey də az qalıb. Azərbaycan artıq 90-cı illərin Azərbaycanı deyil. Döyüşdə sınanmış ordusu var, Türkiyənin açıq siyasi dəstəyi var, qalibiyyətin verdiyi milli inam var. İran isə tamamilə fərqli bir vəziyyətdədir, sanksiyalar boğur, iqtisadiyyat sarsılıb, küçələrdə etirazlar var. Bu şərtlər altında Azərbaycanla ciddi münaqişəyə girmək isə Tehran üçün lüks deyil, intihar kimidir. Bakının strategiyası aydındır: Sərhədi möhkəmləndirir Türkiyə ilə ittifaqı dərinləşdirir. Cənubdakı soydaşlarla mədəni bağı qoruyur, siyasi alətə çevrilmədən. İranın problemi qurtarmayıb. Ona görə Bakıya sataşır.
Əziz Əlibəyli
Beynəlxalq məsələlər üzrə ekspert