NATO-nun Baltik planı: Hədəf Kalininqraddır?
Rusiya Xarici İşlər Nazirliyi NATO-nun Baltik bölgəsində hərbi fəaliyyətini gündən-günə artırdığını və müxtəlif hərbi təlimlər keçirdiyini bildirib.
TodayPress TV xəbər verir ki, Kreml rəsmilərinin sözlərinə görə, NATO uzun müddətdir Baltik dənizini alyansın daxili dənizinə çevirməyə çalışır.
Moskvanın bu açıqlamaları NATO-nun Latviyada keçirdiyi “Qətiyyətli Yenilənmə 2026” hərbi təlimləri fonunda səsləndirilib. Təlimlərə 3 min hərbçi və 1000 hərbi texnika cəlb olunub. Təlimlərin əsas məqsədi NATO-nun şərq cinahında qüvvələrin yerləşdirilməsi və koordinasiyasının gücləndirilməsidir.
Rusiya NATO-nun Kalininqrad vilayəti yaxınlığında keçirdiyi hərbi təlimləri regionda riskləri artıran addım kimi qiymətləndirir. NATO isə bu fəaliyyətlərin mümkün təhdidlərin qarşısını almağa və alyansın şərq cinahının müdafiəsini gücləndirməyə xidmət etdiyini bildirir.
Qeyd edək ki, Baltik bölgəsinin geosiyasi əhəmiyyəti baxımından Rusiyanın Kalininqrad vilayəti xüsusi strateji mövqeyə malikdir. Region Rusiyanın əsas ərazisindən ayrı yerləşir və NATO üzvü olan ölkələrlə əhatələnib.
Jalə Rövşən