İran mollalarının Göy məsciddə biət etdikləri erməni bolşeviki Yeqişe Çarents kimdir?
İrəvanda yerləşən tarixi Göy məscidin mərasim zalına erməni şairi Yeqişe Çarentsin adının verilməsi və üstəlik, orada şairin büstünün qoyulması planı xəbər lentlərində sadə bir mədəniyyət hadisəsi kimi təqdim olunsa da, pərdəarxasına baxanda ortaya bir-birindən ironik və ziddiyyətli mənzərə çıxır. İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədinin şəxsən iştirakı ilə açılan bu lövhə əslində dini qaydaların, tarixi həqiqətlərin və siyasi maraqların necə qəribə bir şəkildə toqquşduğunu göstərir.
Buradakı ilk və ən böyük ziddiyyət elə İslam dininin öz qaydaları ilə bağlıdır. Özünü dünyaya şəriət qanunları ilə idarə olunan teokratik dövlət kimi təqdim edən İranın yüksək rütbəli rəsmisi bir məscid kompleksinin içərisində insan büstünün qoyulması təşəbbüsünə xeyir-dua verir. Halbuki İslam ənənəsində ibadət evlərində və məscid həyətlərində canlı varlıqların heykəllərinin, büstlərinin qoyulması qəti şəkildə qəbul edilmir. Görünür, söhbət Azərbaycana qarşı ortaq siyasi mövqe nümayiş etdirməkdən gedəndə, Tehran üçün hətta ən fundamental dini ehkamlar belə ikinci plana keçə bilir.
Məsələnin digər ironik tərəfi isə məscidə adı verilən şəxsin kimliyidir. Yeqişe Çarents kim idi? O, Sovet inqilabını alovlu şəkildə tərənnüm edən, dinə və məbədlərə qarşı barışmaz mövqedə duran ateist bir bolşevik şair idi. Tarixin acı istehzasına baxın ki, 1920–1930-cu illərdə məhz Çarentsin təmsil etdiyi Sovet ideologiyası İrəvandakı onlarla tarixi məscidi yerlə-yeksan etmiş, ibadət evlərini anbara və kluba çevirmişdi. Bu gün həmin dövrdən sağ çıxmış yeganə Azərbaycan məscidinin zalına din əleyhdarı olan bir bolşevik şairin adının verilməsi nə məntiqə sığır, nə də tarixi ədalətə. Üstəlik, Çarentsin öz taleyi də burada ayrı bir paradoks yaradır: indi İrəvan rəsmilərinin "dostluq rəmzi" kimi təqdim etdiyi bu şairi 1937-ci ildə elə öz soydaşlarının - erməni funksionerlərin donosları ilə həbs etmiş, İrəvan türməsində işgəncələrlə öldürmüş və məzarının yerini belə gizlətmişdilər.
Əslində, baş verənlər təsadüfi mədəniyyət təşəbbüsü deyil, İrəvandakı Azərbaycan izlərini silmək üçün illərdir aparılan sistemli siyasətin növbəti mərhələsidir. 1766-cı ildə İrəvan xanı Hüseynəli xan tərəfindən inşa etdirilən Göy məscid Azərbaycan türk memarlığının İrəvandakı ən möhtəşəm möhürüdür. Uzun illər bu abidəni "fars məscidi" kimi qələmə verərək onun Azərbaycan türklərinə aid olduğunu ört-basdır etməyə çalışan Tehran və İrəvan tandemi indi yeni bir üsula əl atıb. Məscidin daxili məkanını erməni şairinin adı və büstü ilə doldurmaqla abidənin kimliyini tədricən dəyişmək, onu "İran-Ermənistan ortaq mədəni irsi" kimi dünyaya sırımaq istəyirlər.
Bu gedişin məhz indi - Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi, Qərbi Azərbaycan irsinə sahib çıxmağın dövlət siyasəti səviyyəsinə qalxdığı bir dövrdə edilməsi təsadüfi deyil. Bakının haqlı tarixi tələblərindən ehtiyatlanan tərəflər İrəvandakı sonuncu ayaq izimizi də saxtalaşdırılmış mədəniyyət pərdəsi arxasında gizlətməyə çalışırlar. Lakin nə bir məscid zalına vurulan yad lövhə, nə də dini qaydalara zidd olaraq oraya qoyulacaq büst XVIII əsrdə Hüseynəli xanın ucaltdığı bu abidənin əsl sahibini və tarixi yaddaşını dəyişməyə qadir deyil.
Əziz Əlibəyli
Beynəlxalq məsələlər üzrə ekspert