Amerikalılar Trampın İran müharibəsinə son qoyulmasını istəyir
Amerikalıların əksəriyyəti yeni seçilmiş, Demokratların üstünlük təşkil etdiyi ABŞ Konqresinin İranla müharibəyə son qoymaq və Prezident Donald Trampın tətbiq etdiyi gömrük rüsumlarını ləğv etmək üçün addım atmasını istəyir.
TodayPress TV xəbər verir ki, “Reuters” “Ipsos”un yeni sorğusunun nəticələri göstərir ki, əhali artan yaşayış xərcləri probleminin həlli istiqamətində təcili tədbirlər görülməsini tələb edir.
Bazar ertəsi başa çatan dördgünlük sorğuya əsasən, amerikalıların 71 faizi - Demokratların 93 faizi və Respublikaçıların 51 faizi də daxil olmaqla - ABŞ Konqresinin Trampın fevral ayında müttəfiqi İsraillə birlikdə başladığı İranla münaqişəyə son qoyan qanun layihəsini qəbul etməsini istəyir.
Ötən həftə keçirilən aralıq seçkilərində Demokratlar Senat və Nümayəndələr Palatasında ən azı 2008-ci ildən bəri ən böyük çoxluqlarını əldə ediblər. Bu nəticə artan yaşayış xərcləri və ciddi narazılıq doğuran müharibə səbəbindən Trampın Respublikaçılar Partiyasına kəskin etiraz kimi qiymətləndirilir. Yeni Konqres yanvarın 3-də andiçmə mərasimindən sonra fəaliyyətə başlayacaq.
Sorğu iştirakçılarının daha az, lakin yenə də əhəmiyyətli hissəsi – 62 faizi Tramp administrasiyasının idxal məhsullarına tətbiq etdiyi gömrük rüsumlarının ləğvini dəstəkləyəcəyini bildirib.
İranla müharibə yanacağın qiymətlərini kəskin artıraraq Trampın yüzlərlə idxal məhsuluna tətbiq etdiyi yeni vergilərin artıq gücləndirdiyi inflyasiyanı daha da sürətləndirib. Tramp müharibəni İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün zəruri addım kimi müdafiə edib. O, gömrük rüsumlarının isə ucuz idxal məhsullarından qorumaqla Amerika sənayesini gücləndirəcəyini bildirib.
Demokrat Partiyasının liderləri yaşayış xərcləri ilə bağlı narahatlıqları aradan qaldıracaqlarına söz verib və ABŞ-ın İranla müharibəsinə son qoymaq üçün təzyiq göstərəcəklərini bildiriblər. Partiyanın bir çox üzvü Trampın tətbiq etdiyi gömrük rüsumlarının ləğvinə də çağırış edib.
İKİ PARTİYA ARASINDA ƏMƏKDAŞLIQ İSTƏYİ
Hər iki siyasi partiyanın tərəfdarlarının böyük əksəriyyəti Trampın Demokratlarla əməkdaşlıq etməyə çalışmasının, eləcə də yeni Konqresdəki Demokrat liderlərin prezidentlə işləmək üçün səy göstərməsinin vacib olduğunu bildirib.
Sorğu iştirakçılarının hər 10 nəfərindən 9-u Konqresin fəaliyyətinin ilk 100 günündə yaşayış xərcləri ilə bağlı məsələlərin əsas diqqət mərkəzində olmalı olduğunu deyib. Süni intellektin tənzimlənməsi, immiqrasiya islahatı və iqlim dəyişikliyi kimi məsələlərə diqqət ayrılmasını istəyənlərin payı isə daha az olub.
İMPEÇMENTƏ QARŞI MÖVQE
Bununla belə, bir çox amerikalı Demokratların əldə etdikləri yeni səlahiyyətlərdən Trampa qarşı hüquqi proseslər başlatmaq üçün istifadə edəcəyindən narahat görünür.
Sorğu iştirakçılarının təxminən 42 faizi yeni Konqresin Trampa qarşı impiçment prosesinə başlamasının “ölkə üçün pis” olacağını bildirib. 33 faiz isə bunun ölkə üçün yaxşı olacağını düşünür. Qalan iştirakçılar ya qərarsız olduqlarını, ya da suala cavab vermədiklərini qeyd ediblər.
Konqresdəki Demokratlar səhiyyə xərclərinin azaldılması yolları ilə bağlı fikir ayrılığı yaşayırlar. Onlar həmçinin Trampa qarşı nə dərəcədə sərt mövqe tutmaq, o cümlədən prezidentin və ya onun kabinet üzvlərinin impiçmentinə başlamaq məsələsində də fərqli düşünürlər. Respublikaçı konqresmenlərdən birinin təşəbbüsündən sonra müdafiə naziri Pit Heqsethin bu həftə Nümayəndələr Palatasında impiçment səsverməsi ilə üzləşəcəyi gözlənilir.
Tramp seçkilərdən sonra Demokratlarla “yəqin ki, yaxşı münasibət quracağını” desə də, Demokrat Partiyasını ölkə daxilində ekstremist qrup adlandıran və mübahisəli açıqlamaları ilə tanınan köməkçisi Stiven Milleri Ağ Evin yeni aparat rəhbəri vəzifəsinə irəli sürüb.
Sorğu Trampın reytinqinin siyasi karyerasının ən aşağı göstəricilərinə yaxınlaşaraq 32 faizə düşdüyünü göstərib. Bununla yanaşı, Demokratların da ictimaiyyət arasında xüsusi populyarlığa malik olmadığı məlum olub.
Amerikalıların təxminən 45 faizi Demokratlara müsbət, 51 faizi isə mənfi münasibət bəslədiyini bildirib. Respublikaçılara müsbət münasibət göstərənlərin payı 35 faiz, mənfi münasibət bildirənlərin payı isə 60 faiz olub.
Konqresin qarşıdakı aylarda diqqət yetirə biləcəyi mühüm məsələlərdən biri olan süni intellektin tənzimlənməsi ilə bağlı hansı partiyanın daha yaxşı yanaşmaya malik olduğu soruşulduqda, iştirakçıların 28 faizi Demokratları, 20 faizi isə Respublikaçıları seçib. Qalanları qərarsız olduqlarını və ya heç bir partiyanın yanaşmasını üstün hesab etmədiklərini bildiriblər.
Onlayn və ölkə üzrə keçirilən “Reuters”/“Ipsos” sorğusunda ABŞ-da yaşayan 1705 yetkin şəxs iştirak edib. Sorğunun xəta payı təxminən 2 faiz bəndi təşkil edir.
Zəhra Məmmədova