Konstitusiyada dövlət dili necə “Azərbaycan dili” yazıldı? – Ümummili liderin dövləti xilas etdiyi sənədin şifrələri
Bu gün müstəqil Azərbaycan dövlətçiliyinin şah əsəri olan Əsas Qanunumuzun — Konstitusiyamızın qəbul edilməsindən 31 il ötür. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə təsdiqlənən ilk milli Konstitusiyamızda daha çox diqqəti dövlətimizin varlıq fəlsəfəsi və milli təhlükəsizlik strategiyasının təməli olması kimi mühüm məsələlər dayanır.
Konstitusiyanın qəbuluna cəmi 12 gün qalmış - 1995-ci il oktyabrın 31-də Respublika Elmlər Akademiyasında ziyalılarla görüşən Ümummilli Lider Heydər Əliyev həm Əsas Qanunun strateji mahiyyətini, həm də dövlət dilinin milli kimlikdəki yerini tarixi uzaqgörənliklə şərh etmişdi.
Heydər Əliyevin nitqindən (31 oktyabr 1995):
“Ölkəmiz tarixinin çox mühüm bir mərhələsini yaşayır. Respublikamızda böyük iqtisadi, ictimai-siyasi proseslər gedir və bir çox mühüm məsələlər həll olunur. Dövlət quruculuğu sahəsində aparılan işlər sırasında müstəqil Azərbaycan Respublikasının parlamentinə seçkilər və müstəqil dövlətimizin ilk konstitusiyasının qəbul olunması çox böyük əhəmiyyət kəsb edir... Təəssüf ki, bu mərhələdə respublikamıza böyük faciə üz verdi. Qəza nəticəsində metro stansiyasında insanlarımız tələf oldu. Biz ağır itkilərə məruz qaldıq, çoxlu soydaşımızı itirdik... Ancaq şübhəsiz ki, bu hadisə bizim işlərimizi, gedən proseslərin inkişafını dayandıra bilməz. Qarşımıza qoyduğumuz vəzifələri vaxtında həyata keçirməyə qadirik və həyata keçirəcəyik.”
1995-ci ilin oktyabrı Azərbaycan üçün həm də ağır təxribatlar və faciələrlə (28 oktyabr Bakı metropoliteni faciəsi) yadda qalmışdı. Daxili və xarici təhdidlərin pik həddə çatdığı bir vaxtda dövlət quruculuğu prosesini dayandırmamaq milli təhlükəsizliyin institusional əsasını qoymaq demək idi. Bu gün də regional və qlobal geosiyasi təlatümlər fonunda Azərbaycan dövlətinin sarsılmaz iradəsi məhz həmin dövrdə təməli qoyulan güclü dövlət institutlarına söykənir.
“Konstitusiya elə bir sənəddir ki, o gərək uzun müddət yaşasın. Onun ömrü uzun olmalıdır. Konstitusiya tez-tez dəyişilə bilməz. Əgər konstitusiya doğrudan da həm bu günü, həm də gələcəyi tamamilə əks etdirə bilirsə, o, uzunömürlü ola bilər... Mən bu məsələlərin tarixini öyrəndiyimə görə, həm də bir çox hissəsində bilavasitə iştirak etdiyimə görə indi müstəqil Azərbaycan Respublikasının konstitusiyasını tam müstəqil, heç bir dövlətdən, heç bir mərkəzdən, heç bir kəsdən asılı olmayaraq özümüzün sərbəst qəbul etməyimizin nə qədər məsuliyyətli və şərəfli olduğunu dərk edirəm.”
1921, 1937 və 1978-ci illərin konstitusiyaları imperiya mərkəzinin diqtəsi ilə yazılmışdısa, 1995-ci il Konstitusiyası müstəqil iradənin məhsulu idi. Lakin həmin vaxt ölkəmizin 20 faizi işğal altında olduğu üçün Əsas Qanunumuzun hüquqi qüvvəsi bütün ərazilərimizdə tətbiq oluna bilmirdi. Bu gün isə tarixi ədalət tam bərpa olunub. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsi nəticəsində Azərbaycan Konstitusiyası artıq Xankəndidə, Şuşada, Laçında, Kəlbəcərdə — ölkəmizin hər qarışında tam qüvvəsi ilə işləyir. Bu, milli təhlükəsizliyimizin ən ali zəfəridir.
“Bu böyük məsuliyyəti yalnız konstitusiya komissiyasının üzvlərinin öhdəsinə qoymaq olmaz. Bu məsuliyyəti hamımız, bütün xalqımız daşımalıdır... Lazımdır ki, hər bir kəs, hər bir vətəndaş konstitusiyanın hazırlanmasını və qəbul olunmasını öz şəxsi işi kimi, taleyi kimi qəbul etsin... Konstitusiya komissiyasına 1400 təklif, dəyişiklik daxil olubdur. Bu təkliflər cürbəcürdür və konstitusiyanın müxtəlif maddələrinə aiddir.” – deyə, o bildirirdi.
Milli təhlükəsizlik yalnız ordu və hüquq-mühafizə orqanlarının işi deyil; onun əsas dayağı vətəndaş həmrəyliyidir. 1995-ci ildə ümumxalq müzakirəsinə gələn 1400-dən çox təklif xalqın öz dövlətinin taleyinə sahiblənməsinin sübutu idi. Müasir hibrid müharibələr və informasiya manipulyasiyaları dövründə də dövlətçiliyi qorumağın əsas yolu cəmiyyətin öz Konstitusiyası və milli maraqları ətrafında sıx birləşməsidir.
“Ancaq mən konstitusiyanın bir maddəsinin xüsusi müzakirə olunmasını lazım hesab edirəm. Bu, Azərbaycanın dövlət dili haqqında olan 23-cü maddədir. Konstitusiya komissiyasında layihə müzakirə olunarkən komissiyanın üzvlərindən üç nəfər - şair Bəxtiyar Vahabzadə, yazıçılar Anar və Elçin Əfəndiyev belə fikir söylədilər ki, "dövlət dili Azərbaycan türk dilidir" yazılsın. Biz bu məsələni müzakirə etdik. Son layihəni dərc olunmağa göndərərkən belə qərara gəldik ki, bu layihədə indiyədək konstitusiyada olduğu kimi yazaq... 1956-cı ildə Azərbaycan Respublikasının Ali Soveti 1937-ci ildə qəbul olunmuş konstitusiyaya əlavə edibdir. Konstitusiyaya Azərbaycan Respublikasında dövlət dilinin Azərbaycan dili olması barədə maddə əlavə edilibdir.”
Ulu Öndərin 1995-ci ildə dövlət dilinin "Azərbaycan dili" kimi təsbit olunması mövqeyi dərin geosiyasi və milli təhlükəsizlik hesablamalarına söykənirdi. Bu qərar həm tarixi varisliyi qorudu, həm də ölkədə yaşayan bütün etnik qrupları vahid "Azərbaycançılıq" ideologiyası və ortaq dövlət dili ətrafında birləşdirərək daxili separatizm və bölücülük meyillərinin qarşısını birdəfəlik aldı.
Bu gün dil məsələsi birbaşa milli təhlükəsizlik faktoru kimi daha da aktuallaşıb:
Rəqəmsal texnologiyaların, süni intellektin və qlobal informasiya axınının sürətlə yayıldığı dövrdə Azərbaycan dilinin qorunması, inkişafı və rəqəmsal məkanda mövqeyinin gücləndirilməsi milli suverenliyin ayrılmaz hissəsidir.
Ana dilimizin saflığına yad ünsürlərin müdaxiləsinin qarşısını almaq, elmi-texniki və müasir terminologiyanı doğma dilimizdə zənginləşdirmək gələcək nəsillərin yad ideoloji təsirlər altına düşməməsi üçün ən etibarlı sipərdir.
31 oktyabr 1995-ci ildə Respublika Elmlər Akademiyasında aparılan o müdrik müzakirə və 12 noyabrda xalqın verdiyi tarixi səs bu gün öz bəhrəsini verir: Azərbaycan bu gün həm hüquqi cəhətdən mükəmməl Əsas Qanuna, həm zəngin və qorunan dövlət dilinə, həm də bütün ərazisində tam bərqərar olmuş suverenliyə malik güclü bir dövlətdir.
Konstitusiya Günümüz mübarək!
Əziz Əlibəyli
Beynəlxalq məsələlər üzrə ekspert