Vaxtanq Kikabidze - Tiflisin ən gözəl məzarına "Ay bəri bax" dedim
Yağışlı bir noyabr günündə Bakı dəmir yolu vağzalından Tiflis qatarına minmək üçün tələsən adamların arasında elələri vardı ki, üzlərindən həyəcanları oxunur, vurnuxa-vurnuxa qalaraq, sanki qeyri-müəyyən bir yolçuluğa çıxacaqlar kimi hissləri özləri ilə daşımaqda idilər. Bakıya yağırdı, amma adi günlərdə küləklər şəhərinə yağan yağış suları sakinlərini deyindirməkdən başqa bir işə yaramasa da, uzaq yolların qatarlarındakı pəncərədən görünən damlaların qəribə bir romantikası vardı. Bunun da üstünə dumanlı havanı da əlavə etsək, əsl xəyalpərəstlərin ovqatı idi.
Gecə boyunca təkərlərin relslərə vurduğu o həzin ritm adamı keçmişlə bu gün arasında asılı qalmış bir xatirə körpüsünə çevirir, səhərə yaxın isə pəncərənin o biri üzündə Bakının rütubətli sükutu yerini Tiflisin nəm daş küçələrinə, Kürün dumanlı sahillərindəki qədim kərpic eyvanların kölgəsinə verirdi. Bu dəfə Tiflisə nə köhnə karvansaraların səs-küyünü dinləməyə, nə də Sololakinin dar dalanlarında itməyə gəlmişdim. Mənim yolum şəhərin ruhunun uyuduğu o sakit təpəyə - Vera qəbiristanlığına, böyük Vaxtanq Kikabidzenin məzarı üstünə idi.
Qəbiristanlığın yaşıl sərvləri arasından süzülən noyabr çiskini mərmər daşların üzərinə xəfif bir kədər kimi çökürdü. Anasının və ömür-gün yoldaşının yanında uyuyan o böyük sənətkarın başdaşı önündə dayananda adamın qulaqlarında istər-istəməz onun o doğma, xırıltılı, eyni zamanda dünyanın bütün istiliyini özündə gizləyən səsi səslənir. O, bizim üçün “Mimino”dakı saf qəlbli Valiko idi, amma Vaxtanq qəlbinin ən dərin guşəsində Azərbaycana böyük, təmənnasız bir sevgi gəzdirən əsl dost, bütöv bir Qafqazın vicdanı idi.
Bakını öz doğma evi bilirdi. Hər dəfə Xəzərin sahilinə gələndə, Bakı səhnələrində konsertlər verəndə zalı dolduran insanların gözündəki işığı öz doğma Tiflisinin nəfəsi kimi qucaqlayırdı. Hələ o əziz dostu, ölməz Müslüm Maqomayevlə olan qardaşlığı... İki böyük sənətkarın bir-birinə olan ehtiramı, səhnə arxasındakı səmimi söhbətləri, Bakı gecələrində oxunan nəğmələr iki xalqın ruhunu bir-birinə bağlayan görünməz tellər idi. Vaxtanqın dilindən süzülən o məşhur “Ay bəri bax” mahnısı o gürcü qəlbinin Azərbaycan avazına verdiyi ən səmimi salam, qonşu ocağına uzadılan əl idi.
Yağış damlaları məzarın üstündəki tər qərənfilləri islatdıqca onun həyatdakı ən böyük duruşunu, sınmayan ləyaqətini düşünürdüm. O, nə şöhrətə əyildi, nə də təltiflərin parıltısına aldandı. Öz torpağına, öz xalqının azadlığına qarşı haqsızlıq ediləndə, tanklar sərhədləri aşanda tərəddüd etmədən Rusiyanın verdiyi ən ali ordeni - “Dostluq” ordenini geri qaytardı. Bir sənətkarın vicdanı böyük bir imperiyanın dəmir iradəsinə meydan oxudu. Məhz o gündən Vaxtanq Kikabidze bütün Qafqazın azadlıq eşqinin, boyun əyməyən inqilabi ruhunun canlı simvoluna çevrildi.
Əziz Əlibəyli
Beynəlxalq məsələlər üzrə ekspert