Ermənistanda kilsəyə NÖVBƏTİ ZƏRBƏ! Təbliğat ƏKS nəticə verdi
Təhlil
05.02.2026 16:05
Ermənistanın müdafiə naziri Suren Papikyanın əmri ilə silahlı qüvvələrdə 20 ildən artıqdır fəaliyyət göstərən Ruhani Rəhbərlik ləğv edilib.
Bu addım kilsənin ordudan tam kənarlaşdırılması istiqamətində atılmış ən konkret qərarlardan biri kimi qiymətləndirilir.
Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Əli Orucov bildirib ki, Erməni Apostol Kilsəsi tarixən erməni cəmiyyətində ciddi təsir və nüfuza malik olub və dövlətçiliyin olmaması səbəbindən siyasi məsələlərin mühüm hissəsi məhz kilsə tərəfindən həll edilib:

“Ermənistanın Azərbaycana qarşı işğalçılıq yürüşlərinə həvəsləndirən, buna xeyir-dua verən də kilsə və ruhanilər olub. Təsadüfi deyil ki, başda Eçmiədzin olmaqla, kilsə uzun müddət terror və separatizm yuvası kimi xarakterizə olunub”.
Politoloq qeyd edib ki, sabiq Prezident Serj Sarkisyanın hakimiyyəti dövründə erməni ordusuna guya mənəvi ruh aşılamaq məqsədilə ruhanilər yerləşdirilib və onların əsas vəzifəsi zərərli ideoloji təbliğat aparmaq olub:

“Onların əsas xəstə və zərərli təbliğatı ordu daxilində aparmaq, türkə qarşı nifrət aşılamaq idi. Zamanla silahlı qüvvələrdə kilsənin təsiri və rolu daha da artdı. Paşinyan anlayır ki, kilsəni təkcə siyasi proseslərdən kənarlaşdırmaq kifayət deyil, onu silahlı qüvvələrdən də uzaqlaşdırmaq vacibdir. Ordunun bu cür ünsürlərdən təmizlənməsi gələcəkdə mümkün fəsadlardan və risklərdən sığortalanmaq deməkdir”.
Bununla belə, politoloq qeyd edib ki, bu addımlar revanşist qüvvələr və baş ruhani idarəsi tərəfindən narazılıqla qarşılanıb:
“Doğrudur, revanşistlər və baş ruhani idarəsi Ermənistanın Müdafiə naziri Suren Papikyanın bununla bağlı verdiyi əmri etirazla qarşıladılar. Bu, təbiidir. Çünki onların mövqeləri mərhələli şəkildə zəiflədilir. Amma müqavimət göstərmək gücləri də yoxdur”.
Əli Orucov hesab edir ki, Ermənistan hakimiyyəti sülh yolunu seçibsə, bu prosesə mane olan faktorları aradan qaldırmaq məcburiyyətindədir.
Qiymət Mahir
tag: Əli Orucov,Politoloq,Ermənistan,Ordu,Kilsə,Todaypress.tv,
