Ermənistan Rusiyanı TRIPP-də istəmir: Simonyanın cavabı nə olacaq?

Təhlil

04.02.2026 13:49

Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, Rusiyanın TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsində iştirakı absurddur.

Maraqlıdır, rəsmi İrəvanın bu açıqlaması onun Rusiya ilə münasibətlərinə necə təsir göstərəcək?

Politoloq Azad Məsiyev mövzu ilə bağlı TodayPress TV-yə danışıb.


Onun fikrincə, Paşinyan hakimiyyəti Ermənistanda Rusiyanın nüfuzunu zəiflədir:

“Ermənistanda siyasi hakimiyyət Amerikanın nəzarəti altındadır. Paşinyan Soros Fondu və ABŞ-nin diplomatik dəstəyi ilə hakimiyyətə gətirilib. ABŞ Paşinyanı təsadüfən hakimiyyətə gətirməyib; onun qarşısına konkret təlimatlar qoyulub. Bu təlimatların mahiyyəti Ermənistanda Rusiyanın nüfuzunu zəiflətmək və Amerikanın mövqelərini gücləndirməkdir. Paşinyan hakimiyyəti dövründə bu təlimat daxili və xarici siyasətdə ardıcıl həyata keçirilir və ABŞ-nin maraqları qorunur. Bir sözlə, Paşinyan Amerikanın təsirini Ermənistanda getdikcə gücləndirir”.

Analitik qeyd edib ki, TRIPP-ə kimin nəzarət edəcəyi hələ bilinmir. Lakin Paşinyan siyasəti dəhlizin ABŞ-nin himayəsinə verilməsini nəzərdə tutur.

A. Məsiyev bildirib ki, seçkilər Zəngəzur dəhlizinin kimin nəzarətində    olacağını müəyyən edəcək:

“2026-cı ildə Ermənistanda parlament seçkiləri keçiriləcək və hakimiyyətə kimin gələcəyi bu məsələdə həlledici rol oynayacaq. Rusiya rəsmiləri 10 noyabr razılaşmasının qüvvədə olduğunu dəfələrlə bəyan ediblər. Əgər Paşinyan qalarsa, dəhliz ABŞ-nin himayəsində olacaq; əgər rusiyayönümlü qüvvələr iqtidara gələrsə, 10 noyabr razılaşması aktivləşəcək və dəhliz Rusiyanın himayəsinə keçəcək”.

O əlavə edib ki, TRIPP Azərbaycanın razılığı olmadan işləyə bilməz:

“Dəhliz Ermənistan ərazisində yerləşsə də, işləkliyi birbaşa Azərbaycandan asılıdır. Ermənistan Azərbaycan şərtlərini qəbul etməli, Azərbaycan vətəndaşlarının Naxçıvana təhlükəsiz gedişinə zəmanət verməlidir. Əks halda Azərbaycan nəqliyyatın açılmasını bloklaya bilər. Eyni zamanda, sülh sazişi imzalanmalı və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Beləliklə, Ermənistanın taleyi təkcə özündən deyil, qonşulardan da asılıdır”.

Qeyd edək ki, Alen Simonyan 5-6 fevral tarixlərində Moskvaya səfər edəcək.

Jalə Rövşən

TodayPress TV

tag: Azad Məsiyev,Politoloq,Ermənistan,TRİPP,Rusiya,Todaypress.tv,