ABŞ-İran danışıqları: Türkiyəni niyə Omana dəyişdilər?

Təhlil

04.02.2026 20:38

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-İran danışıqlarına vasitəçilik etməyə hazır olduğunu bildirməsinə baxmayaraq, İran danışıqların Omanda keçirilməsini istəyir.     

Bildiyimiz kimi, Türkiyə, həmçinin Ukrayna və Rusiya danışıqlarında görüş yeri olub.  

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da vurğulayıb ki, Türkiyənin vasitəçiliyi ilə İstanbulda aparılan danışıqlar nəticəsində 2025-ci ilin may ayından bu yana minlərlə əsir mübadilə olunub.   

Bəs İstanbulun vasitəçilikdə bu qədər uğurlu olmasına rəğmən, İran danışıqlar üçün Türkiyə variantından niyə imtina etdi? 

Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli TodayPress TV-yə danışarkən bildirib ki, İranın danışıqlar məkanı ilə bağlı mövqeyi Türkiyənin NATO üzvü olması və ABŞ-nin müttəfiqi sayılması ilə əlaqədardır. 


“Həm ABŞ, həm də Türkiyə NATO-nun avanqard ölkələridir və rəsmi Tehran bu faktoru nəzərə almış ola bilər. Lakin Tehran-Vaşinqton danışıqlarında bu məqam ciddi rol oynamır. Çünki Türkiyə sadəcə vasitəçi və danışıqlar üçün ev sahibi ölkə kimi çıxış etmək niyyətində idi. Üstəlik, Türkiyə hazırda ABŞ-nin İrana hərbi müdaxiləsinə qarşı ciddi müqavimət göstərən əsas ölkələrdən biridir”, - deyə siyasi şərhçi izah edib. 


Analitik vurğulayıb ki, rəsmi Ankara öz sərhədləri ətrafında hərbi gərginlikdən narahatdır və hesab edir ki, ABŞ-nin İrana hərbi müdaxiləsi onun milli təhlükəsizlik maraqlarına ziddir. 

E. Xalidbəyli əlavə edib ki, İranın danışıqların Omanda keçirilməsində israr etməsi də bu yanaşmadan qaynaqlana bilər: 

“Lakin nəticələr hələ də qeyri-müəyyəndir. Ağ Evin tələbləri konkretdir – İranın nüvə proqramından və raket texnologiyasından tam imtina etməsi istənilir. Prosesin gələcək inkişafı İranın bu tələblərə münasibətindən asılı olacaq. Əgər anlaşma əldə olunarsa, ABŞ-nin hərbi müdaxilədən geri çəkilməsi ehtimalı yüksələcək. Əks halda isə qarşıdurma daha da gərginləşə və yeni hərbi münaqişəyə qədər gedib çıxa bilər”. 


Politoloq sonda bildirib ki, hazırkı mərhələdə İran hərbi qarşıdurmadan yayınmağa çalışır, ona görə də, mövqelərin yaxınlaşması dərhal baş verməyəcək. Danışıqların bir neçə raundda aparılması mümkündür. 

Aysel Mətləb

TodayPress TV

tag: Elçin Xalidbəyli,İran,ABŞ,Türkiyə,Oman,Danışıqlar,Todaypress.tv,