8 noyabr gecəsi idi, mən həqiqəti tapanda - Paşinyan başına gələnləri dedi
Təhlil
22.05.2026 11:28
Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ məsələsini ölkəsi üçün “qurulmuş tələ” adlandırıb.
TodayPress TV xəbər verir ki, Paşinyan bu barədə jurnalistlərə açıqlamasında deyib.
Paşinyan bildirib ki, 2020-ci il noyabrın 8-dən sonra hər gün Ermənistanın Qarabağ hərəkatının tələsinə düşdüyünü dərk edib və bu tələdən çıxmağın vacibliyini anlayıb.
“Ermənistanı bu tələdən çıxara bildiyim üçün xoşbəxtəm”, – deyə Paşinyan vurğulayıb.
Baş nazir eyni zamanda müxalifəti tənqid edərək bildirib ki, bəzi qüvvələr “casusluq fəaliyyəti məntiqi” ilə hərəkət edərək Ermənistanı yenidən bu tələyə çəkməyə çalışırlar.
Paşinyanın bu açıqlaması ölkə daxilində siyasi gərginliyin yenidən artması fonunda səslənib.
Qeyd edək ki, 2020-ci il noyabrın 8-i Qarabağın tacı olan Şuşa şəhərinin azad edildiyi və 44 günlük Vətən müharibəsinin taleyinin həll olunduğu gündür. Bu tarix Azərbaycanda Zəfər Günü kimi qeyd edilir və Ermənistanın kapitulyasiyasına yol açaraq regionda tamamilə yeni geosiyasi reallıq yaradıb.
Paşinyan faktiki olaraq etiraf edir ki, 30 il ərzində Ermənistanın işğal siyasəti və Qarabağ macərası ölkəsini hərbi, iqtisadi və siyasi cəhətdən tükəndirib.
Bu 44 günlük Vətən müharibəsindən sonra Ermənistanda gedən siyasi mübarizənin dərinliyini ortaya qoyur. Paşinyan faktiki olaraq etiraf edir ki, Azərbaycan torpaqlarını işğal altında saxlamaq siyasəti Ermənistanı iqtisadi cəhətdən çökdürmüş, beynəlxalq aləmdə təcrid etmiş və minlərlə gəncini mənasız qurban vermişdi. Paşinyanın bu günü Ermənistan üçün dönüş nöqtəsi kimi xatırlaması təsadüfi deyil. Çünki məhz həmin gün — 2020-ci il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Şuşanın azad olunması müjdəsini bu tarixi sözlərlə bəyan etmişdi:
“Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik!... Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”
Məhz bu "Dəmir yumruq" Ermənistanın kapitulyasiyasına və Paşinyanın etiraf etdiyi həmin "tələ"nin dağılmasına yol açdı. İndi seçki ərəfəsində (7 iyun) isə müxalifətin köhnə revanşist düşüncələrlə insanları yanlış yola çağırması ölkəni yenidən həmin "qaynar qazana" atmaqdan başqa bir şey deyil.
Reallıqdan qaçmaq mümkün deyil – Azərbaycan öz torpaqlarını azad etdi və Ermənistan üçün ən ağıllı yol yeni reallıqla barışmaqdır. Erməni cəmiyyəti və separatçı, revanşist müxalif qüvvələr də ölkələrini rifaha aparan bu yolu tutmaq məcburiyyətindədir.
Jalə Rövşən
tag: Nikol Paşinyan ,Ermənistan ,Qarabağ,8 Noyabr,
