Prezidentin yüksək vəzifədən azad etdiyi məmur kimdir? - DOSYE
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla Elçin Mustafa oğlu Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib.
TodayPress TV Elçin Yusubovun tərcümeyi-halını təqdim edir:
Elçin Yusubov 8 avqust 1975-ci ildə anadan olub. O, 1996-cı ildə Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunu "İdarəetmənin təşkilatçısı", 1998-ci ildə isə Azərbaycan Dövlət İqtisad İnstitutunu (UNEC) "Kredit-iqtisadçı" ixtisası üzrə bitirib.
Əmək fəaliyyətinə özəl sektorda başlayan E.Yusubov daha sonra Ticarət Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi, eləcə də Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində müxtəlif məsul vəzifələrdə çalışıb.
O, Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentində baş direktorun müavini, 1-ci müavini, baş direktoru və Bakı şəhər Lokal Gəlirlər İdarəsinin rəisi postlarını tutub. 2020-ci ilin may ayından isə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini kimi fəaliyyət göstərib.
Dövlət başçısının 7 mart 2024-cü il tarixli Sərəncamı ilə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilmişdi.
Dövlət qulluğundakı səmərəli fəaliyyətinə görə Prezidentin 11 fevral 2020-ci il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.
Ailəlidir, 3 övladı var.
Türkan İsgəndərli