Gərgin matçlar və unudulmaz anlar: U-15 dünya çempionatı Azərbaycanda tarix yazacaq!
Dünyanın 189 ölkəsindən gənc futbolçuların qatılacağı möhtəşəm futbol bayramı ölkəmizdə baş tutacaq.
TodayPress TV xəbər verir ki, AFFA-nın prezidenti Rövşən Nəcəf şəxsi instaqram hesabında paylaşım edərək Azərbaycanın bu qlobal tədbirə tam hazır olduğunu bildirib.
O qeyd edib ki, ölkəmizin belə nəhəng beynəlxalq idman tədbirinə ev sahibliyi etməsi qürurvericidir:
“İnanıram ki, bu tədbir iştirakçılara beynəlxalq təcrübə, yeni dostluqlar və unudulmaz anlar qazandıracaq. Millimiz də daxil olmaqla, bütün komandalara uğurlar arzulayıram”.
Xatırladaq ki, U-15 dünya çempionatı və festivalı oktyabrın 22–30-da Hövsan Yarış Kompleksində baş tutacaq.
Turnirin açılış və final matçları Bakı Kristal Zalında təşkil olunacaq. Yarışın ilk oyunları oktyabrın 24-də start götürəcək. Ümumilikdə 1000-ə yaxın matçın keçirilməsi nəzərdə tutulan bu möhtəşəm turnir dünyanın müxtəlif nöqtələrindən gələn yeniyetmə futbolçuları bir araya gətirəcək.
Namiq HUN