Səhhəti işləməyə imkan verməyənlər pensiyasız qalacaq?
Ötən il əlilliyə görə əmək pensiyası almaq hüququ qazanan, lakin bu il eyni sağlamlıq problemləri davam etməsinə baxmayaraq, pensiya təyin edilməyən şəxslərin sosial təminatı məsələsi suallar doğurur. Bəs səhhəti işləməyə imkan verməyən vətəndaşların sosial müdafiəsi hansı mexanizmlərlə həyata keçirilir və bu şəxslər hansı hallarda pensiya və ya müavinət ala bilərlər?
Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev TodayPress TV - yə bildirib ki, əgər vətəndaşın səhhəti işləməyə imkan vermirsə, ilk növbədə tibbi ekspertizadan keçirilməlidir:
“Yəni, səhhətinə görə işləyə bilmirsə, xəstəlik və ya zədə səbəbindən əmək qabiliyyətini itiribsə, ona müvafiq tibb müəssisəsi tərəfindən xəstəlik vərəqəsi (bülleten) verilməlidir.
Bunun üçün, əgər həmin şəxs işləyibsə və məcburi dövlət sosial sığorta ödəyicisi olubsa, əmək qabiliyyəti bərpa olunana qədər, lakin bu müddət bir ildən çox olmamaq şərtilə, ona sosial sığorta hesabına müavinət ödənilir.
Əgər səhhətindəki problem uzunmüddətlidirsə və ya daimi xarakter daşıyırsa, yəni orqanizmin funksiyalarının pozulmasına səbəb olursa, tibbi ekspertiza tərəfindən funksional pozulmanın faiz nisbətinə uyğun olaraq əlillik dərəcəsi müəyyən edilir və ona uyğun əlilliyə görə əmək pensiyası təyin olunur.
Vətəndaşın sığorta stajı və hesablanmış, toplanmış pensiya kapitalı varsa, Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən əlilliyə görə əmək pensiyası verilir. Həmçinin əlilliyə görə aylıq sosial müavinətlər də kateqoriyalar üzrə müəyyənləşdirilir.
Əgər əmək pensiyası hüququ yoxdursa, orqanizmin funksiyalarının pozulma dərəcəsindən asılı olaraq ona aylıq müavinət verilir.
Məsələn:
- 81–100 faiz funksional pozuntu olduqda – 300 manat;
- 61–80 faiz funksional pozuntu olduqda – 250 manat;
- 31–60 faiz funksional pozuntu olduqda – 180 manat müavinət müəyyən olunur.
Müavinətin təyin edilməsi prosesi mütləq elektron informasiya sistemi vasitəsilə avtomatlaşdırılmış şəkildə həyata keçirilir”.
Zəhra Məmmədova