"C" vitamininin artıq qəbulu sağlamlıq üçün risk yarada bilər

Sosial

16.03.2026 19:45

"C" vitamininin normadan artıq qəbulu ishal, ürəkbulanma və qarında ağrılı spazmlara səbəb ola bilər.

TodayPress TV xəbər verir ki, bu barədə Avstraliyanın Makkuori Universitetinin Təbii Elmlər Məktəbinin alimləri "The Conversation" nəşrinə açıqlamalarında bildiriblər.

Mütəxəssislərin sözlərinə görə, vitamin "C" güclü antioksidantdır və immun sistemini dəstəkləyir, dəmirin mənimsənilməsinə kömək edir və yaraların sağalmasında mühüm rol oynayır. Həmçinin o, dəri və toxumaların əsas komponenti olan kollagenin sintezi üçün vacibdir.

Alimlər qeyd ediblər ki, insan orqanizmi vitamin "C"ni özü sintez edə bilmir və onu qida vasitəsilə qəbul etməlidir. Araşdırmalara görə, vitamin "C"nin təxminən 40 faizi tərəvəzlərdən, 19 faizi meyvələrdən, 29 faizi isə meyvə-tərəvəz şirələrindən alınır.

Bildirilib ki, böyüklər üçün vitamin "C"nin gündəlik maksimal qəbul həddi 2000 milliqramdır. Bu vitamin suda həll olunduğu üçün orqanizmdə yığılmır və sidiklə xaric edilir, lakin həddindən artıq qəbul edildikdə yenə də yan təsirlər yarada bilər.

Xüsusilə böyrək xəstəlikləri olan kişilər üçün vitamin "C"nin artıq qəbulu təhlükəli hesab olunur, çünki bu halda maddə orqanizmdə toplanaraq böyrək daşlarının yaranma riskini artırır.

Alimlər vurğulayıblar ki, əksər insanlar üçün vitamin "C" əlavələrinə ehtiyac yoxdur. Onu sitrus meyvələri, giləmeyvələr, pomidor, şirin bibər, brokoli və kələm kimi məhsullardan kifayət qədər almaq mümkündür.

Tədqiqatçılar, həmçinin qeyd ediblər ki, vitamin "C" əlavələrinin soyuqdəymə, ürək-damar xəstəlikləri və ya xərçəngin qarşısını aldığına dair qəti elmi sübutlar yoxdur.

Qiymət Mahir

tag: "C" vitamini,Mütəxəssis,Böyrək,Sitrus ,TodayPress TV,