Moskva növbəti bəhanəni tapdı: "Baltik hava dəhlizi" - məqsəd nədir?

Moskva növbəti bəhanəni tapdı: "Baltik hava dəhlizi" - məqsəd nədir?
19.10.2026 10:43 Təhlil
Sankt-Peterburqa həyata keçirilən son dron hücumlarından sonra Rusiya milbloqçuları və hərbi yönümlü Telegram kanalları ortalığı qatışdıran yeni iddia ilə çıxış ediblər.

TodayPress TV xəbər verir ki, mənbələr Ukrayna PUA-larının güya Latviya və Estoniya hava məkanından keçərək Rusiya ərazisinə daxil olduğunu və bu ölkələrin hücum dronları üçün "hava dəhlizi" yaratdığını iddia edirlər. 

Sankt-Peterburq kimi dərin arxa cəbhədə yerləşən kritik infrastrukturların vurulması Moskva üçün həm hərbi, həm də psixoloji baxımdan böyük zərbədir.

Rusiya hərbi kanallarının və Z-blogerlərin ayağa qalxaraq məsələni Baltikyanı ölkələrə bağlaması, ilk növbədə, öz hava hücumundan müdafiə sistemlərinin açıq-aşkar buraxdığı boşluqları və biabırçılığını gizlətmək cəhdidir. Daxili auditoriyaya hərbi uğursuzluğu etiraf etmək əvəzinə, "biz tək Ukrayna ilə deyil, birbaşa NATO ilə döyüşürük" narrativini sırımaq Rusiya rəsmi dairələri üçün hər zaman ən əlverişli çıxış yolu olub.

Digər tərəfdən, Latviya və Estoniyanın hədəf göstərilməsi Kremlin Baltik regionunda hibrid təhdidləri artırmaq, psixoloji təzyiqi gücləndirmək və Qərbin diqqətini Ukraynaya yardımdan ayırıb NATO-nun şərq sərhədlərinin mühafizəsinə yönəltmək gedişidir.

Lakin bu iddiaların birbaşa hərbi toqquşmaya çevrilməsi Moskva üçün həddindən artıq yüksək risk daşıyır. Baltikyanı ölkələr NATO-nun 5-ci maddəsinin kollektiv müdafiə zəmanəti altındadır. Ona görə də Kremlin bu addımı genişmiqyaslı hərbi təcavüzdən daha çox, informasiya cəbhəsində manevr etmək və gələcək hibrid təxribatlar üçün zəmin hazırlamaq məqsədi daşıyır.

Jalə Rövşən  
XƏBƏR LENTİ
19 OKTYABR 2026
Bütün Xəbərlər