Türkiyənin rəhbərliyi altında İran əleyhinə "SÜNNİ İTTİFAQI" yaratmaq istəyirdilər -VİDEO
İsrailin daxili təhlükəsizlik xidməti Şin Betin keçmiş rəhbəri Ami Ayalon 2012-ci ildə verdiyi müsahibədə Türkiyənin rəhbərliyi altında sünni dövlətlər koalisiyasının yaradılmasını təklif edib.
TodayPress TV xəbər verir ki, Ayalon bu fikirləri amerikalı jurnalist Çarli Rouzun proqramında səsləndirib.
“Türkiyənin rəhbərlik edəcəyi sünni koalisiyasının yaradılması çox vacibdir. Yaxın Şərqdəki əsas münaqişə sünni-şiə münaqişəsidir. Əgər bu koalisiyanı yarada bilsək, İranla üzləşə biləcəyik”, – deyə o bildirib.
Keçmiş kəşfiyyat rəhbərinin təklifinə Türkiyə ilə yanaşı Misir, İordaniya və Səudiyyə Ərəbistanının da daxil olması nəzərdə tutulurdu. Ayalon bu ölkələrin İranın regional təsirinə qarşı birgə mövqe tutmasını və ABŞ-nin dəstəyindən yararlanmasını vacib hesab edirdi.
O, İranın nüvə proqramını İsrail üçün ciddi təhlükə kimi qiymətləndirib. Ayalonun fikrincə, İsrailin beynəlxalq dəstək olmadan İrana qarşı hərbi əməliyyat keçirməsi nüvə proqramını yalnız müəyyən müddətə gecikdirə bilərdi. Buna görə də o, regional dövlətlərin birləşməsini alternativ strateji yanaşma kimi irəli sürüb.
Ayalon İsrail-Fələstin münaqişəsinin həllini də regional əməkdaşlıqla əlaqələndirib. O, İsrailin ərəb dövlətləri tərəfindən qəbul edilməsinin mümkün koalisiyanın formalaşması baxımından əhəmiyyətini vurğulayıb.
Jalə Rövşən