Bir sıra rayonlarda səyyar tibbi müayinələr təşkil edildi

Sosial

28.01.2026 10:50

Ağcabədi, Beyləqan, Bərdə və Xaçmaz rayonlarında səyyar tibbi müayinələr təşkil edilib.

Bu barədə TodayPress TV-yə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının həkim heyətinin iştirakı ilə rayonun Nəcəfqulubəyli kəndində, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının həkimlərinin iştirakı ilə rayonun Dünyamalılar və Bolsulu kəndlərində, Bərdə Rayon Mərkəzi Xəstəxanasının həkimlərinin iştirakı ilə rayonun Kətəlparaq və Piyadalar kəndlərində, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının həkimlərinin iştirakı ilə rayonun Aşağı Zeyid kəndində sakinlərin səyyar tibbi müayinəsi təşkil edilib.

Rayon mərkəzi xəstəxanalarının müxtəlif ixtisaslı həkimləri (terapevt, pediatr, ginekoloq, laboratoriya, şüa-diaqnostika həkimi və s.) icbari tibbi sığorta çərçivəsində ümumilikdə 170-ə yaxın sakinə (uşaqlar da daxil olmaqla) 300-dən çox tibbi xidmət göstərib.

Müayinələr zamanı ixtisaslı tibbi xidmətlərə ehtiyacı yaranan sakinlərin aidiyyəti tibb müəssisələrinə yönləndirilməsi təmin edilib.

Bununla yanaşı, müayinələrə cəlb olunan sakinlərə Azərbaycanın səhiyyə sahəsində həyata keçirilən yeniliklər və tibbi xidmətlərə əlçatanlığın təmin edilməsi istiqamətində görülən işlərlə bağlı məlumatlar verilib.

TodayPress TV

tag: TƏBİB,Müayinə,Rayon,Səyyar,Todaypress.tv,

photo
photo
photo
photo