Alimlər dondurulan beyin toxumasını bərpa etdi

Sosial

16.03.2026 19:30

Alimlər ilk dəfə olaraq -196°C temperaturda dondurulmuş beyin toxumasının fəaliyyətini bərpa etməyə nail olublar.

TodayPress TV xəbər verir ki, tədqiqat "Frankfurt Göte" Universitetinin alimləri tərəfindən aparılıb və nəticələri "Proceedings of the National Academy of Sciences" (PNAS) jurnalında dərc olunub.

Eksperiment zamanı tədqiqatçılar yetkin siçanların beyin toxumasını -196°C temperaturda dondurub, daha sonra onu əridərək neyronların elektrik aktivliyinin və sinaptik əlaqələrin qorunduğunu müəyyən ediblər.

Araşdırmada hipokamp adlanan beyin sahəsinin kəsiklərindən istifadə olunub. Bu sahə yaddaşın formalaşması və öyrənmə prosesində mühüm rol oynayır.

Tədqiqatın əsasını vitrifikasiya adlı ultra-sürətli soyutma üsulu təşkil edib. Bu metod zamanı su və digər maddələr şüşəyəbənzər vəziyyətə keçir və buz kristalları əmələ gəlmir. Buz kristalları isə adətən hüceyrə membranlarını zədələyərək beyin toxumasına ciddi zərər verir.

Ərimədən sonra alimlər toxumanın struktur bütövlüyünü, mitoxondrilərin fəaliyyətini, neyronların həyəcanlanma qabiliyyətini və hüceyrələr arasında siqnal ötürülməsini qoruduğunu aşkar ediblər.

Ən mühüm nəticələrdən biri isə uzunmüddətli potensiasiyanın — yəni yaddaş və öyrənmənin hüceyrə səviyyəsində əsas mexanizmlərindən birinin saxlanılması olub.

Alimlər qeyd edirlər ki, bu nəticələr bütöv beynin dondurulması və sonradan şüurun bərpası demək deyil. Lakin araşdırma göstərir ki, beyin toxuması dərin dondurulmaya əvvəl düşünüldüyündən daha davamlıdır.

Qiymət Mahir

tag: Alim,Tədqiqat,Eksperiment ,Beyin ,TodayPress TV,