Yanlız bir ADDIM! Bu, Ukraynada qan tökülməsinə SON QOYACAQ
Siyasət
29.01.2026 13:20
Rusiya-Ukrayna cəbhəsində vəziyyət gərginləşib.
Son məlumatlara görə, Rusiya qüvvələri Donbasın şərqində cəmləşərək Slavyansk və Kramatorsku ələ keçirməyə çalışır.
Analitiklər bu şəhərlərin itirilməsinin Ukrayna üçün böyük zərbə olacağını deyirlər.
Maraqlıdır, Ukrayna Slavyansk və Kramatorsku itirsə, bu, Kiyev üçün müharibənin gedişatında nəyi dəyişəcək?
Siyasi analitik Abutalıb Səmədov bu barədə TodayPress TV-yə danışarkən bildirib ki, Əbu-Dabidə keçirilən üçtərəfli görüşdə əsas müzakirə olunan məsələ də ərazi məsələsi olub. Ümumiyyətlə, sülh sazişinin imzalanmasının qarşısında duran əsas maneə məhz bu məsələdir.

Onun sözlərinə görə, Ukrayna Donbasın öz nəzarətində olan hissəsindən imtina etmək istəmir. Rusiya isə bu olmadan sülh sazişini imzalamayacağını bildirir.
Analitik qeyd edib ki, Zelenski ərazi qərarını verməkdə çətinlik çəkir:
"Təbii ki, Volodimir Zelenskinin ərazi ilə bağlı qərar verməsi çox çətindir. Bu səbəbdən o, bu məsələni referenduma çıxarmaq və ya parlamentdə müzakirə edib qərar verilməsini istəyir. Referendum variantı isə təbii ki, prosesi düyünləyə bilər. Xalq çox güman ki, buna razılıq verməyəcək. Üstəlik, bu, daha çox vaxt tələb edir və sülh sazişinin imzalanmasını ləngidir".
A.Səmədov hesab edir ki, Slavyansk və Kramatorskun tutulması Ukraynanı sülhə məcbur edə bilər:
"Rusiya Donetsk istiqamətində ağır-ağır irəliləyir və bir neçə yaşayış məntəqəsini ələ keçirib. Ancaq Slavyansk və Kramatorsk Donetsk vilayətinin ən iri şəhərlərindəndir və bu şəhərlərin ələ keçirilməsi ərazi güzəşti ilə bağlı qərar verməni asanlaşdıra bilər. Yəni Ukrayna məcbur qalıb Rusiyanın tələbi ilə razılaşa bilər. Bu səbəbdən bu iki şəhərin tutulması müəyyən qədər sülh sazişinin imzalanmasını da tezləşdirə bilər".
O əlavə edib ki, Zelenski təzyiq nəticəsində razılığa gələ bilər:
“Bu, Ukraynanın mövqelərini təbii ki, zəiflədəcək. Digər tərəfdən, Amerika və Rusiyanın birgə şəkildə Ukraynaya təzyiq göstərməsi, eləcə də Volodimir Zelenskinin bu addımı atmağa məcbur olacağını anlaması bəlkə də onun üçün də müəyyən mənada çıxış yolu ola bilər. Yəni Zelenski “vəziyyət çətindir” deyərək ərazi məsələsində razılığa gedə bilər. Əslində, Zelenski özü də yaxşı anlayır ki, gec-tez həmin ərazilər Rusiya tərəfindən işğal oluna bilər”.
Ekspert sonda diqqətə çatdırıb ki, şəhərlərin tutulması sülhü tezləşdirə və itkiləri azalda bilər:
"Ancaq indiki halda əgər ərazi mübadiləsinə gedilsə, Rusiyanın digər vilayətlərdən işğal etdiyi bəzi əraziləri də geri qaytarmaq mümkün ola bilər. Bu səbəbdən bu iki şəhərin tutulması Ukraynanın əlini zəiflətsə və sülh danışıqlarında mövqeyini sarsıtsa da, prosesi bütövlükdə sürətləndirə, qan tökülməsinə və şəhərlərin darmadağın edilməsinə son qoya bilər. Bu iki mühüm şəhərin itirilməsi sülh sazişini tezləşdirə və Budanovun dediyi kimi fevral ayının sonuna qədər olmasa da, hər halda yaxın aylarda sülhə nail olmaq imkanı yarada bilər".
Jalə Rövşən
tag: Abutalıb Səmədov,Politoloq,Rusiya,Ukrayna,Todaypress.tv,
