Milli Məclisdən Avropa Parlamentinə sərt etiraz: “Əvvəl öz problemlərinizə baxın!”
Milli Məclis 2026-ciı il oktyabrın 8-də Avropa Parlamentinin Azərbaycanda
insan hüquqları və azadlıqları məsələsinə dair obyektivlikdən uzaq qətnamə qəbul
etməsini ölkəmizə qarşı qərəzli siyasi aksiya kimi qiymətləndirir, yalan və
saxta məlumatlar üzərində qurulmuş əsassız ittihamları qətiyyətlə rədd edir.
TodayPress TV əbər verir ki,
bu fikirlər Milli Məclisin Avropa Parlamentinin 2026-cı il 8 oktyabr tarixli qətnaməsinə
münasibətində əksini tapıb.
Qeyd edilib ki, Avropa Parlamentinin Azərbaycana qarşı həyata keçirdiyi məqsədyönlü
siyasi xətt İkinci Qarabağ müharibəsindən sonra daha böyük dərəcədə qarşıdurma
xarakteri alıb. Son illərdə bu təşkilatın qəbul etdiyi çoxsaylı qətnamələr, ölkəmizə
siyasi təzyiq göstərmək cəhdləri və sanksiyalar tətbiq edilməsi barədə
çağırışları Azərbaycanın tarixi qələbəsindən sonra Cənubi Qafqazda yaranmış
yeni geosiyasi reallıqların Avropa Parlamenti tərəfindən tanınmaması kimi qiymətləndirilməlidir.
Digər tərəfdən, Avropa Parlamentinin suveren ölkənin dövlət orqanlarının səlahiyyət
dairəsini müəyyən etməyə, onun hüquq mühafizə və məhkəmə qurumlarına göstərişlər
verməyə, ikitərəfli münasibətlərin siyasi şərtlərini müəyyənləşdirməyə haqqı
çatan fövqəlmilli hakim kimi çıxış etmək cəhdlərindən əl çəkməməsi təəccüb
doğurur. Bu cür davranış tərzi Avropa Parlamentinin yanaşmalarında obyektivliyi
ciddi şübhə altına alır və onun Azərbaycanla münasibətləri hüquq bərabərliyi,
qarşılıqlı hörmət və daxili işlərə qarışmama prinsipləri əsasında qurmağa hazır
olmadığını göstərir.
Bütün bunlar təşkilatda azərbaycanofob, türkofob və islamofob əhval-ruhiyyənin
hökm sürdüyünü nümayiş etdirir. Avropa Parlamentində təmsil olunan bir sıra
deputatların Avropa seçicilərinin deyil, lobbi qruplarının maraqlarını təmsil
etməsi onların irqçi və şovinist mövqeyindən xəbər verir. Qətnamənin müəllifləri
çirkin siyasi məqsədlərinə nail olmaq üçün hətta Avropa İttifaqının Cənubi
Qafqaz siyasətini təhlükə altına atmağa belə razıdırlar. Avropa Parlamentinin
özündə mövcud olan vəziyyət də ciddi suallar doğurur. Son illərdə baş verən
hay-küylü korrupsiya təhqiqatları, o cümlədən deputatların pulla ələ alınması,
siyasi qərarların qəbuluna qanunsuz təsir göstərilməsi bu təşkilat qarşısında
onun siyasi nüfuzuna toxunan və qəbul edilmiş parlament prosedurlarına etimadı
sarsıdan məsələlər qoyub. Bununla əlaqədar belə bir qanunauyğun sual yaranır: qərarların
qəbulunda şəffaflıq, dürüstlük və müstəqillik ilə bağlı ciddi çağırışlara cavab
verməli olan bir qurumun siyasi və mənəvi ittihamları və öyüdləri nə dərəcədə
inandırıcı ola bilər? Başqa dövlətlər qarşısında qəti tələblər irəli sürməzdən əvvəl
Avropa Parlamenti öz standartlarının tətbiqində ardıcıl olduğunu göstərməli,
korrupsiyaya və qeyri-qanuni lobbi təsirinə qarşı etibarlı təminatlar
yaratmalıdır.
“Avropa Parlamentinin insan hüquqları ilə bağlı problemlərə ayrı-seçkili
münasibəti də ciddi suallar doğurur. Azərbaycan barəsində qətnamələr qəbul
edilib birmənalı tələblərin irəli sürüldüyü və sanksiyaların tətbiqinə
çağırışlar edildiyi bir zamanda Avropa ölkələrinin özündə hüquq mühafizə
orqanları tərəfindən hədsiz güc işlədilməsi, dinc toplaşmaq azadlığının məhdudlaşdırılması,
törədilmiş hüquq pozuntularına görə məsuliyyətin təmin edilməsi ilə bağlı
çoxsaylı problemlər qalmaqdadır.
Bu problemlərin miqyasını beynəlxalq hüquq müdafiə təşkilatlarının məruzələri
də təsdiq edir. Xüsusən bir sıra Avropa ölkələrində nümayişlərin keçirilməsi
zamanı polis tərəfindən hədsiz güc işlədilməsi halları sənədlər ilə təsbit
edilib. Milli Məclis hesab edir ki, Avropa Parlamenti Avropa İttifaqının üzvü
olan ölkələrdə əsas hüquq və azadlıqların qorunması problemlərinə, o cümlədən
polis zorakılığı, dinc toplaşmaq azadlığına riayət edilməsi, vəzifəli şəxslərin
qanunsuz hərəkətlərinə görə məsuliyyəti məsələlərinə daha böyük diqqət yetirməlidir.
Hüquq müdafiə standartlarının universallığı hər şeydən əvvəl siyasi seçimə və
ikili yanaşmalara yol vermədən onların ardıcıl və qərəzsiz tətbiqini nəzərdə
tutur. Narahatlıq doğuran bir məqam da budur ki, Avropa Parlamentinin sözügedən
qətnaməsi Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparıldığı
bir dövrdə, siyasi məsuliyyətin və konstruktiv dialoqa dəstəyin xüsusilə vacib
olduğu bir şəraitdə qəbul edilmişdir. Aydın məsələdir ki, bu cür birtərəfli təşəbbüslər
və yanlış rəylər qarşılıqlı etimad mühiti qurulmasını çətinləşdirir və dövlətlərarası
münasibətlərin normallaşdırılması üçün əlavə maneələr yaradır.
Azərbaycan ilə Ermənistan çoxillik münaqişəni aradan qaldırmaq üçün səylər
göstərdikləri halda Avropa Parlamentində ayrı-ayrı siyasi qüvvələri təmsil edən
pozucu ünsürlərin yenidən siyasi və hərbi gərginlik ocağı yaratmağa çalışması
narahatlıq doğurur. Regional sabitlik və dayanıqlı sülh yaradılması prosesinə
real dəstək ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət bəslənilməsini,
birbaşa dialoqun dəstəklənməsini və qarşılıqlı etimadsızlığı gücləndirə biləcək
hərəkətlərdən imtina olunmasını tələb edir.
Avropa Parlamentinin Milli Məclislə əməkdaşlığı bərpa etmək çağırışı ilə kəskin
parlamentlərarası ixtilaflar doğuran sənədlərin qəbulu praktikası arasında
ziddiyyət də ayrıca qeyd edilməlidir. Etimadın bərpası deklarativ çağırışları
deyil, yanaşmaların real surətdə dəyişdirilməsini, qarşıdurma ritorikasından əl
çəkilməsini və parlamentlər arasında qarşılıqlı əlaqənin bərabərhüquqlu
xarakterinin qəbul olunmasını tələb edir.
Qətnamədə yer alan əsassız iddialara gəlincə, Azərbaycan insan hüquqlarının
və əsas azadlıqların qorunması, qanunun aliliyinin təmin edilməsi, hüquqi dövlət
prinsiplərinin ardıcıl həyata keçirilməsi mövqeyinə həmişə sadiqdir. Ölkəmizdə
demokratik institutların qurulması və sərbəst fəaliyyət göstərməsi, vətəndaş cəmiyyətinin
əsas tərkib hissələrinin yaradılması, digər amillər Azərbaycan dövlətinin
demokratik inkişaf yolu ilə irəliyə getmək əzmini və iradəsini nümayiş etdirir.
Bu da təəssüf doğurur ki, insan hüquqlarının və azadlıqlarının qorunması ilə
bağlı Azərbaycana qarşı əsassız ittihamlar irəli sürən Avropa Parlamenti Azərbaycan
torpaqlarının Ermənistan tərəfindən işğalı dövründə etnik təmizləməyə,
soyqırımı aktlarına məruz qalaraq doğma yurdlarından qovulub, bütün hüquq və
azadlıqlarından məhrum edilmiş 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi
köçkünün hüquqları barədə həmişə susmağa üstünlük verib.
Məsələnin başqa bir tərəfi də budur ki, konkret cinayət əməlləri törətdiklərinə
görə məhkəmə qərarları ilə məhkum edilmiş şəxslərin “siyasi məhbus”
adlandırılmasının və ya bu cür əməlləri törətdiklərinə əsaslı şübhələr olduğuna
görə cinayət qanunvericiliyinin müvafiq maddələri ilə barələrində ittiham irəli
sürülmüş şəxsləri qeyd-şərtsiz azadlığa buraxmağın tələb edilməsinin hansı məntiqdən
irəli gəldiyi aydın deyildir. İnsanların cəmiyyətdə mövqeyinin onlara məhkəmə təqibindən
immunitet hüququ verdiyini iddia etməyə heç bir şəxsin və ya təşkilatın
ixtiyarı yoxdur.
Avropa Parlamenti təkcə qəbul etdiyi qərarların siyasi nəticələrini deyil,
həm də Avropa ölkələrinin ona etimad göstərmiş milyonlarca vətəndaşı qarşısında
məsuliyyətini də düşünməlidir. Avropa dövlətlərinin vətəndaşları seçdikləri
nümayəndələrindən qərəzli siyasi mülahizələrlə bağlı təşəbbüslər deyil,
obyektivlik, prinsipiallıq və demokratik dəyərlərə sadiqlik gözləməkdə
haqlıdırlar.
Milli Məclis Avropa Parlamentini ölkəmizlə qarşıdurma ritorikasından əl çəkməyə,
dövlətimizin daxili işlərinə qarışmamağa çağırır. Eyni zamanda, bəyan edir ki,
heç bir qüvvə Azərbaycanı demokratik inkişaf yolundan döndərə bilməz.